Zəngin çalınması qarabasması

Mobil telefonu tez-tez yoxlayırsan?

23.01.2019 22:19
541
Zəngin çalınması qarabasmasıMobil telefonu tez-tez yoxlayırsan?

Mobil telefondan aşırı istifadə yeni xəstəliklərin peyda olmasına gətirib çıxarır. Bunlardan biri də narahat zəng sindromudur. Qulağına vaxtaşırı mobil zəng səsi gələr, telefonu tez-tez alıb yoxlaya və ya zəng gələndə narahatlıq keçirə bilərsən.



Ekspress.az bildirir ki, alimlərin araşdırmalarına görə, internet və yeni texnologiyalar insanların həyatını xeyli rahat etsə də, bir çox müasir xəstəliklərin yaranmasına səbəb olub. Yeni yaranan bu xəstəliklərdən internet istifadəçilərinin əksəriyyəti əziyyət çəkir.



Psixoloq Jalə Həmidlinin sözlərinə görə, mobil telefona çox bağlı olan insanlarda zəngin çalınması qarabasması müşahidə olunur. Bu sindrom zamanı insan daim zəng gözləyir. Bir balaca zənginə yaxın səs eşidəndə özündən asılı olmadan telefonu yoxlayır. O, bunu, hətta zəngin onun telefonundan gəlmədiyini biləndə də edə bilər. Bu cür insanlar daim narahatlıq keçirir, zəng və “mesaj” səsi gözləyirlər. Bu narahatlıq artdıqca və ağırlaşdıqca, şəxs uydurma mobil telefon zənglərini eşidir. Telefona zəng gəlməsə belə, ona elə gəlir ki, mobil telefonu zəng çalır və ya titrəyir.



Mobil telefondan uzun müddət istifadə edən adamlar mobil telefonsuz qalanda stress keçirir və depressiyaya düşürlər. Mobil telefonun batareyası yatanda və ya telefon donanda, şəbəkə tutmayanda belə dərhal mobil rabitə ilə əlaqə saxlaya biləcəkləri yer axtarırlar. Bir sözlə mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilir. Mobil telefonlardan artıq yalnız zəng vurmaq üçün deyil, oyun oynamaq, müxtəlif saytlarda əlaqə qurmaq üçün də istifadə edirlər. Bir növ mobil telefonlar mobil əyləncələrə də çevrilib.



Böyüklərdən nümunə götürən uşaqlar da mobil telefonlara maraq göstərir, hətta körpə olarkən də əllərinə alıb oyuncaq kimi istifadə edirlər. Mobil telefona bu cür yanaşma həm psixiki, həm də fiziki sağlamlığımıza ziyan vurur. İndi çoxları mobil telefondan “vaxt öldürmək” üçün də istifadə edirlər. Ona görə də mobil telefonun yoxluğu və işləməməsi narahatlığa səbəb olur.

 

 

 

  • SON XƏBƏR
  • TREND