Azərbaycanda xüsusi “ordu”: kimlər yaradır və təsiri varmı?


26.09.2019 15:24
137
Azərbaycanda xüsusi “ordu”: kimlər yaradır və təsiri varmı?

Bütün dünyada ciddi problemə çevrilən trollar artıq bir neçə ildir ki, sosial şəbəkələrin Azərbaycan seqmentində də aktivdir. Bu trolların hədəfi isə siyasətlə bağlı məsələlərə sosial şəbəkələr vasitəsilə təsir etmək və cəmiyyətdə qarşı tərəf haqqında mənfi rəy yaratmaqdır.


Bəs görəsən, “virtual ordu” rolunu oynayan trollar Azərbaycanda siyasi proseslərə necə təsir edir?


Məsələ ilə bağlı danışan siyasi ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda “troll fabriki” digər ölkələrdəkindən fərqlənir:


“Sosial şəbəkədəki trollar əslində yeni problem deyil. Bu, dünyanın bir çox ölkəsində müzakirə olunur. Əsasən Rusiyada bunun sistemli şəkildə həyata keçirilməsinin şahidi olduq. Hətta bununla bağlı Peterburqda İnternet Araşdırmaları Agentliyi ortaya çıxdı. Onlar feyk xəbərlər vasitəsilə insanların düşüncə tərzinə, proseslərə təsir etməyə çalışır və insanları manipulyasiya etmək üçün müəyyən addımlar atırdılar. Hətta bu gün də ABŞ-dakı seçkilərdə Peterburq “troll fabriki”nin çox ciddi rol alması müzakirə olunur. Yəni sosial şəbəkələrdə virtual manipulyasiyalar tək Azərbaycana xas məsələ deyil. Sadəcə, bizdə bunun başqa spesifik və o qədər də xoş olmayan yanlarını görürük. Siyasi fəaliyyətindən asılı olmayaraq, sosial şəbəkələrdə partiyaların özünə yaxın çevrələrindən bir neçə qrup şəklində sistematik hücumlar təşkil olunur. Bəzən təhqir, söyüş kampaniyası da trollar vasitəsilə aparılır. Hesab edirəm ki, trollar insanların normal şəkildə diskussiya aparmasına mane olur”.


Ekspert bildirib ki, Azərbaycaqda trollar insanlara bilgi çatdırmağın, diskussiyanın keyfiyyətini aşağı salır:


“Bu, sosial şəbəkələrin sırf Azərbaycana seqmentinə xas olan yeni istiqamətdir. Çünki digər ölkələrdə troll xəbər axınını, insanların düşüncəsini yönləndirmək istiqamətində qurulub. Azərbaycanda isə tərəflər sanki fanat ordusu yaradaraq, bəzən ağına-bozuna baxmadan, həm təhqirlərlə, həm də söyüşlərlə insanları sosial şəbəkədə diskussiya aparmaqdan iyrəndirirlər”.


Ekspertin fikrincə, proseslər göstərir ki, bir müddət sonra bu “troll ordusu” öz əhəmiyyətini itirəcək:


“Çünki sosial şəbəkələr daha azad fikir mübadiləsi aparmaq və alternativ fikirlərin daha geniş yayılması fürsətlərini açır. Bu cür “troll ordusu” bir müddət effekt verib, insanları kampaniyaya cəlb edə bilər. Lakin sosial şəbəkələrin əhatə dairəsi genişləndikcə, bu “ordu”nun fəaliyyəti zəifləyəcək. Çünki bizdə eyni tipli sözlər, postlar təkrarlanır. Sanki robotlardır və eyni fikirləri təkrar-təkrar söyləyirlər. İnsanlar onsuz da bütün bunlardan bezib. Lakin hesab edirəm ki, bunun “feyk nyus” tərəfi, yəni səhv məlumatlandırma, yönləndirmə tərəfi ölkəmizdə bir müddət də aktiv qalacaq. Çünki dünya da bununla bağlı mübarizə imkanları düşünür. İnsanlar daha tez və keyfiyyətli informasiyalara çıxış əldə etdikdə “feyk nyus”un effekti aşağı düşür. İnzibati yollarla, hər hansı qadağa ilə bu məsələni həll etmək mümkün deyil”. (axar)


Ekspress.az


Açar sözlər: