10 milyonuncu sakin necə müəyyənləşdirilib? - RƏSMİ CAVAB

10.04.2019 15:23
490
10 milyonuncu sakin necə müəyyənləşdirilib? - RƏSMİ CAVAB

2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğuldu. Respublikanın hər yerində böyük coşqu ilə qeyd edilən əlamətdar hadisə həm də bəzi suallar doğurur.


Məsələn, 10 milyonuncu vətəndaşın seçim prosesi necə olub? Necə oldu ki, Azərbaycanın 10 milyonuncu vətəndaşının məhz 2019-cu il aprelin 6-da saat 03:30-da Respublika Perinatal Mərkəzində dünyaya gələn körpə olduğu müəyyənləşdi?


Ekspress.az xəbər verir ki, Modern.az bu və digər sualları Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimova ünvanlayıb.


Rauf Səlimov bildirb ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin apardığı cari uçot məlumatları əsasında əldə olunub. 


"Bunlar əhalinin sonuncu siyahıyaalınması məlumatları əsasında hazırlanır. Həmin rəqəmlərin üzərinə hər il ölkədə doğulan və ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı toplanır. 


Həmin rəqəmdən ölənlərin və ölkədən gedənlərin sayı çıxıldıqdan sonra yekun rəqəm alınır. Hər ayın 12-dək Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq məlumatlar toplanaraq bizə ötürülür və Komitədə emal edilir. Cari uçot əsasında hər ayın 1-i vəziyyətinə əhalinin sayını açıqlayırıq.


Fevral ayının 1-i vəziyyətinə olan məlumatları əhalinin artım dinamikasına əsasən təhlil edərkən gördük ki, ölkədə 10 milyonuncu sakinin doğulması təxminən mart ayının sonu aprel ayının əvvəllərinə düşür. Prosesin real vaxt rejimində müşahidəsini aparmaq üçün dərhal Səhiyyə Nazirliyində operativ qərargah yaradıldı. Oraya dövlət qurumlarından mütəxəssislər daxil edildi. Doğulanlar, ölənlər, ölkəyə gələnlər və ölkədən gedənlər haqqında bütün məlumatlar qərargaha ötürülməyə başladı və monitorinq sistemi quruldu. 


Nəhayət aprelin 6-da məlum oldu ki, 10 milyonuncu sakin saat 03:30-da keçmiş Ağdərə rayon sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Ocaqova və Rauf Həsənovun ailəsində dünyaya gəlib (Buta.media).


 8 və 9 milyonuncu vətəndaşlarımızın kimliyi məlumdur. 8 milyonuncu vətəndaşımız 1999-cu ildə Naxçıvanda doğulub. 9 milyonuncu vətəndaşımız isə 2010-cu il yanvarın 15-də dünyaya gəlib. O da Naxçıvanda doğulub. 7 milyonuncu vətəndaşımızın doğulması təxminən 1989-1990-cı illərə düşür. Bu isə SSRİ vaxtına təsadüf edir. O vaxt da müstəqil dövlət olmadığımızdan milyonuncu vətəndaşın doğulmasının təmtəraqlı qeyd olunması praktikası yox idi."


Ekspress.az

  • SON XƏBƏR
  • TREND