Erməni nazir əsgərimizin vurulmasını şəxsən əmr verib


10.06.2019 15:18
129
Erməni nazir əsgərimizin vurulmasını şəxsən əmr verib

Ötən gün təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən Azərbaycanın daha bir əsgəri vurulub. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.


Ekspress.az xəbər verir ki, mayorun vurulmasından sonra düşmən tərəf açıqladı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub.


Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə “qisas alınacağını” açıqlamışdı.


İndi Ermənistanın Müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan “Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən hərbçilər onlara verilmiş tapşırığı “yüksək səviyyədə” yerinə yetiriblər (virtualaz.org).


Bu məlumat təmas xətti boyu son günlər düşmən qüvvələrinin bir-birinin ardınca həyata keçirdiyi təcavüzkar əməllərin məhz Ermənistan rəhbərliyinin şəxsi göstərişləri ilə baş verdiyini birbaşa təsdiq edir. Belə ki, Müdafiə naziri Tonoyan Azərbaycan əsgərinin vurulması, yaxud “cəza tədbirlərinin görülməsi” üçün şəxsən tapşırıq verib və indi bu tapşırığı yerinə yetirənləri mükafatlandırıb.


Paşinyanın müdafiə naziri Azərbaycan əsgərinin vurulması üçün əmri şəxsən verdiyini təsdiqləyir, üstəlik həmin əmri icra edənləri mükafatlandırır. Bu da düşmənin həyasızlığının dozasının getdikcə artması deməkdir. Belə vəziyyətdə Azərbaycan təmas xəttində gərginliyin azaldılmasına dair ötən il Paşinyanla Düşənbədə əldə edilmiş şifahi razılaşmaya daha nə qədər sadiq qala bilər? Düşmənə qarşı müdafiə naziri Zakir Həsənovun bu yaxınlarda qoşunlara verdiyi göstərişdə deyildiyi kimi, bütün silah və vasitələrdən istifadə etməklə əsl qisas, cəza əməliyyatı həyata keçirməyin vaxtı çatmayıbmı?


Ekspress.az

  • SON XƏBƏR
  • TREND