Bədii gimnastika üzrə Azərbaycan komandası gümüş medal qazanıb

21.04.2019 10:25
352
Bədii gimnastika üzrə Azərbaycan komandası gümüş medal qazanıb

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində çoxnövçülük üzrə yarışların qalib və mükafatçıları müəyyənləşib.


Fərdi proqramda ip, top, gürzlər və lentlə hərəkətlərin cəminə əsasən Anastasia Simakova (Rusiya) 77,750 xalla birinci, Sofia Raffaeli (İtaliya) 75,450 xalla ikinci, Dariia Sergayeva (Rusiya) 74,100 xalla üçüncü olub. Azərbaycanı turnirdə təmsil edən Arzu Cəlilova ümumi nəticədə 72,650, Nərminə Səmədova, 71,900, Nərmin Bayramova isə 56.000 xal toplayıb. Gimnastlarımız çoxnövçülükdə mükafatçılar sırasına düşə bilməsələr də, bu gün keçiriləcək ayrı-ayrı alətlər üzrə finallarda yarışmaq hüququ əldə ediblər. Belə ki, Nərminə Səmədova bütün alətlər üzrə, Arzu Cəlilova isə ip, top və lentlə hərəkətlərdə qüvvəsini sınayacaq.


Çoxnövçülük üzrə (beş halqa və beş lent) qrup hərəkətlərində azərbaycanlı gimnastlar mükafatçılar sırasına düşə biliblər. Belə ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız yekunda 41,000 xal toplayaraq turnirin gümüş medallarına yiyələnib. İsrail komandası (42,000 xal) qızıl, Rusiya gimnastları (40,000 xal) bürünc qazanıblar.


Qrup komandamız, həmçinin ayrı-ayrı alətlər üzrə - halqa və lentlə yarışlarda medallar uğrunda mübarizə aparmaq hüququ əldə edib.


Sonra beynəlxalq turnirdə həm fərdi, həm də qrup hərəkətlərində çoxnövçülük üzrə mükafatçıların mükafatlandırma mərasimi keçirilib.


Həmçinin Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi xüsusi mükafat - "AGF Trophy"-nin təqdimetmə mərasimi də olub. Fərdi yarışlarda mükafat azərbaycanlı gimnast Arzu Cəlilovaya verilib.


Qrup hərəkətlərində də həmin mükafata azərbaycanlı gimnastlar sahib olublar. Belə ki, ən yüksək icra balını qazanan təmsilçilərimiz "AGF Trophy"ni əldə ediblər (Azərtac).


Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə ikinci "AGF Junior Trophy" beynəlxalq turnirində 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.


Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnirdə yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar qüvvəsini sınayırlar.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND