Pilotun bacısı: "Hər dəfə Miq-29" sözünü eşidəndə ürəyim əsir"

29.07.2019 15:57
130
Pilotun bacısı: "Hər dəfə Miq-29" sözünü eşidəndə ürəyim əsir"

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Rəşad Atakişiyevlin "Miq-29" təyyarəsində qəzaya düşməsi haqda məlumatlar, xəbərlər daha bir ailəni sarsıdıb. Onlara illər öncə yaşadıqları acını bir daha yada salıb.


“Biz də möcüzə gözlədik. Hər ötən gün onun qayıdacağına inandıq. Düşündük ki, peşəkar pilotdur, vəziyyətdən çıxmış olar. Sağ qalar. Amma...”


Bu sözləri 11 il qabaq Rəşad Atakişiyevin taleyini yaşamış “Miq -29” təyyarəsində həyatını itirən Əfqan Aslanovun bacısı News24.az-a danışarkən deyib.


Xatırladaq ki, 2008-ci il yanvarın 29-da da “Miq-29” təyyarəsi qəzaya uğramışdı. O zaman iki azərbaycanlı pilot polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həyatlarını itiriblər. 


Rəşad Atakişiyevin başına gələnlərdən çox təsirləndiyini deyən mərhum pilotun bacısı Kəmalə Vahidova bu hadisənin ona 11 il öncə yaşadıqlarını yada saldığını bildirib: “Həmin hadisə yanvarın 29-da baş verib. Qış ayı olsa da, o gün hava çox sakit idi. Günorta saat 2-də Əfqan evə zəng eləmişdi. Hamıyla danışdı. Hal-əhval tutdu. Sonra da qayıtdı ki, uçuşa çıxıram. Mənə zəng çatmasa, narahat olmayın. Dönəndən sonra əlaqə saxlayacam... Gediş o gediş oldu. Hardan bilərdik ki, geri qayıtmayacaq. O havaya qalxandan bir az sonra ANS-də xəbərlərdə eşitdik ki, təyyarə qəzaya uğrayıb...”


Əfqanın bacısı deyib ki, təyyarənin qəza xəbərini eşitsələr də, pilotların peşəkarlığı onları sağ qaldıqlarına ümidləndirib: “Əfqan təyyarədə tək olmayıb. Polkovnik-leytenant Fəxrəddin Əsgərov da onunla bir yerdə olub. Onların təyyarəsinin dənizə düşdüyünü uzaqdan balıqçılar da görüb. Onlar çarəsizlikdən təyyarəni dənizin üzərinə aparıblar. Əks halda yaşayış məntəqələrinin üstünə düşəcəkmiş. Başqalarının həyatını təhlükədə qoymamaq üçün özlərini fəda eləyiblər. Günlərlə gözlədik. Dedik, qayıdacaq. Qayıtdı, amma özü yox, cənazəsi gəldi”.


Kəmalə Vahiovanın sözlərinə görə, Əfqanın nəşi 29 gün sonra tapılıb: “Təyyarə havaya qalxığı yerdən xeyli uzaqda, dənizin dibinə, çox dərinə batmış halda tapılıb. Əfqanın cəsədi təyyarədəydi. Zərblə yerə çırpıldığı üçün bədənində sınmayan sümük qalmamışdı. Təyyarənin dəmirləri bütün bədənini doğramışdı. Üstəlik, cəsəd suda qaldığından tanınmaz vəziyyətə düşmüşdü. O biri pilot- Fəxrəddin Əsgərov isə, deyilənə görə, son məqamda təyyarədən tullanıb. Amma onun bu günədək nə ölüsü, nə dirisi tapılmadı”.


Bacısı deyir ki, pilot Əfqan Aslanovun da təyyrəsi qəzaya düşənə 34 yaşı varmış: “Miq-29” kəlməsini hər eşidəndə ürəyim əsir. Dua eləyirəm ki, pilot Rəşadın aqibəti qardaşımınkı kimi olmasın. İnşallah, o sağ-salamat tapılar. Amma o zaman Əfqanın da 34 yaşı vardı. O da iki oğul atasıydı. Birinin 14, o birinin 9 yaşı vardı. Əfqan kapitan idi. Naxçıvanski adına Hərbi liseyi bitirmişdi. Sonra Türkiyədə, Tiflisdə oxumuşdu. Bu sahədə daha yaxşı olmaq üçün çoxlu planları vardı. Həmişə “general olacam” deyirdi. Qismət olmadı...”


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND