“Azərenerji”: "Ölkədə elektrik enerjisinə tələbat artıb"

04.07.2019 20:37
135
“Azərenerji”: "Ölkədə elektrik enerjisinə tələbat artıb"

Bu ilin 6 ayında Azərbaycanda elektrik enerjisinə tələbat 586 milyon kilovat/saat çoxalıb. Ötən ilin birinci yarısı ilə müqayisədə istehsal və ixrac artıb.


“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən bildirilib ki, ilin ilk yarısında ASC tərəfindən xarici dövlətlərə 648 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. Bu da ötən ilin birinci yarısı ilə müqayisədə 24 milyon kilovat/saat çoxdur.


Ötən ilin birinci yarısı ilə müqayisədə elektrik enerjisinin istehsalı da artıb. Belə ki, bu ilin 6 ayında 11 milyard 544 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarısı ilə müqayisədə 521 milyon kilovat/saat çoxdur.


Ən əsası isə keçən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə elektrik enerjisinə tələbat 586 milyon kilovat/saat artıb. Ötən dövrdə yüzlərlə çoxmərtəbəli bina, sahibkarlıq obyektləri, sənaye məhəllələri, aqroparklar, zavodlar, fabriklər, bir sözlə iqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq istehlak çoxalıb.


“Azərişıq” ASC-nin məlumatına görə, əhalisinin sayı 10 milyon nəfəri keçən Azərbaycanda təkcə bu ilin birinci yarısında “ASAN xidmət” və elektron qaydada 12 mindən çox əhali və qeyri əhali abonent elektrik şəbəkəsinə qoşulub. Yarım ildə tələbatın bu səviyyədə artımı sözsüz ki, yeni generasiya güclərinin yaradılmasını, elektrik stansiyalarında “itirilmiş” güclərin bərpa edilməsini, ən əsası isə enerjisistemin etibarlılığı və dayanıqlığını daha müasir üsullarla təmin etməyi zəruri edir.


Məhz bu məqsədlə ötən ilin sonuncu rübündən başlayaraq “Azərenerji” ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən çox təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır. 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND