Azərbaycanın məşhur balıqçılıq müəssisəsi – SATILDI

03.07.2019 22:31
209
Azərbaycanın məşhur balıqçılıq müəssisəsi – SATILDI


Əmlak Məsələləri Dövlət Komitəsi “Varvara Balıq” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsinə yekun vurub. Komiədən verilən məlumata görə, müsabiqədə iştirak üçün iki iddiaçı olub, təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Az Varvara” MMC “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.


Müsabiqənin şərtlərinə görə, müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqidir. Həmçinin istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, ekoloji tarazlığın qorunması əsas vəzifələrdəndir.


Qalib şirkət müəssisənin müasir texnologiyalar əsasında yenidən qurulması üçün 12 milyon manat investisiya yatıracaq. Həmçinin dövlət büdcəsinə 1 milyon 250 min manat məbləğində pul vəsaitinin köçürülməsini üzərinə götürüb.


Bu müəsssənin yenidən qurulması bəzi nəsli kəsilməkdə olan balıqların çoxalmasına şərait yaradacaq. Bölgə, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır.


Müəssisənin fəaliyyəti yeyinti sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balığa olan tələbatının ödənilməsinə də şərait yaradacaq. Həmçinin gələcəkdə balıqdan hazırlanan məhsulların, konservləşdirilmiş malların istehsalı üçün lazım olan xammal zavod tərəfindən təmin edilə bilər.


Qalib şirkət investisiyaları müəssisədəki nohurların tam yenidən qurulması və əlavə nohurların inşasına, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən istehsal sahəsinin yaradılmasına, o cümlədən hovuzların yenidən qurulması və yeni hovuzların quraşdırılmasına sərf edəcək. Eyni zamanda vəsait təmir-tikinti işləri və inzibati binanın restruktizasiyasına, su təchizat sisteminin yeniləşdirilməsi, eləcə də ərazinin abadlaşdırılmasına xərclənəcək.


Qeyd edilməlidir ki, müəssisəyə qoyulması nəzərdə tutulan investisiyaların bir il ərzində yatırılması, görüləcək işlər nəticəsində 150 yeni iş yerinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, Yevlax rayonunun Varvara kəndində yerləşən müəssisənin nizamnamə kapitalı 3 milyon 18 min manat, səhmlərinin biri 2 manatdan olmaqla buraxılan səhmlərin sayı 1 milyon 509 mindir. İnvestisiya müsabiqəsinə «Varvara-Balıq»ın bütün səhmləri sıxarılıb. Müəsssənin 18 işçisi var, öhdəlikləri cüzidir – cəmi 3900 manat, bunun 3700 manatı əmək haqqı borclarıdır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND