2018-ci ildə bələdiyyələr 35,973 milyon manat gəlir əldə edib

12.04.2019 15:54
176
2018-ci ildə bələdiyyələr 35,973 milyon manat gəlir əldə edib

2018-ci ildə bələdiyyələrin gəlirində əvvəlki illə nisbətən 0,3 faiz azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il bələdiyyələrin büdcə gəliri 35 milyon 973 min manat olub. Orta hesabla bir bələdiyyənin illik gəliri 22 min 400 manat təşkil edib.


Ölkəmizdə 1606 bələdiyyə var. Büdcə gəlirlərinə görə ən böyük bələdiyyələr Bakı bələdiyyələridir. Ötən il Bakı bələdiyyələri ümumilikdə 9,729 milyon manat gəlir əldə edib və 2017-ci illə müqayisədə gəlirlərdə dəyişiklik baş verməyib.


Bakıda 53 bələdiyyə fəaliyyət göstərir. Orta hesabla bir paytaxt bələdiyyəsinin illik gəliri 183 min 577 manat təşkil edib.


Bakıdan sonra yüksək gəlirə sahib olan bələdiyyələr Qazax (1,99 milyon manat), Abşeron (1,9 milyon manat), Şəki (1,678 milyon manat), Sumqayıtdır (1,65 milyon manat). Azərbaycanın üçüncü ən böyük şəhəri olan Gəncənin bələdiyyələri il ərzində 628 min manat gəlirə sahib olub.


2018-ci ilin statistikası göstərir ki, bələdiyyələrin gəlirinin daha çox hissəsini vergi olmayan gəlirlər formalaşdırıb. Vergi olmayan gəlirlər 21,123 milyon manat olmaqla cəmi gəlirlərin 58,7 faizini təşkil edib. Ötən il ərzində bu növ gəlirlər 3 faiz artıb.


Bu növ gəlirlərin əsas hissəsi bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən və icarəyə verilməsindən əldə edilən qazancla bağlıdır. 2018-ci ildə özəlləşdirmə və icarəyə vermədən əldə edilən gəlirlər 2,7 faiz artaraq 13,48 milyon manata çatıb.


Vergi gəlirləri ümumi gəlirlərin 38,7 faizini formalaşdırıb. Ötən il vergi gəlirlərinin məbləği 4,7 faiz azalaraq 13,92 milyon manata düşüb. O cümlədən fiziki şəxslərdən əmlak vergisi 7,78 milyon manat (0,3 faiz artıb), fiziki şəxslərdən torpaq vergisi 5,68 milyon manat (12,2 faiz azalma) olub.


2018-ci ildə bələdiyyələrin xərcləri 35 milyon 996 min manat təşkil edib. Xərclərin 57,7 faizi, yəni 20,772 milyon manatı yerli özünüidarəetmə orqanının saxlanılmasına yönəldilib.


Xərclərin 21,6 faizi (7,764 milyon manat) mənzil-kommunal təsərrüfatı xərclərinə, 6,1 faizi (2,2 milyon manat) avtomobil yolları və avtomobil nəqliyyatı xərclərinə sərf edilib.

    


  • SON XƏBƏR
  • TREND