İsmayılovlar erməni casusun "qolları arasında" - Foto

18.09.2019 10:00
80
İsmayılovlar erməni casusun "qolları arasında" - Foto

Bir neçə saniyə diqqətinizi yuxarıdakı fotoya cəmləyin və şəkildəki xanımcığaza diqqətlə baxın. Çoxmu gözəldir? Əgər bu suala cavabınız müsbətdirsə, o zaman heç tələsməyin, mən sizə onun lap yaxşı vaxtlarına aid, necə deyərlər, əntiqə şəkillər də təqdim edəcəm.


Xanımcığaz Kristina Puşaudur. Bu ad sizə heç nə demir? Tanımırsınız? Vallah, doğrusu, heç mən də tanımırdım - dünənə qədər. Ta o dəqiqəyə qədər ki, keçmiş vəkil, Aslan İsmayılov kod adı ilə Azərbaycanda ictimai narazılığı körükləyəcəyini açıq şəkildə hər kəsə vəd etmiş məşhur avantürist öz Feysbuk səhifəsində onun haqqında danışanadək!


Aslan İsmayılov bildirmişdi ki, Gürcüstandan Ukraynaya iki soydaşımız səfər edib, orada Mixail Saakaşvilinin evində qonaq olub:


“Gürcüstanda fəaliyyət göstərən Yeni Liderlər Təşəbbüsü layihəsi 5 sessiyadan ibarət olaraq təxminən 1 ay davam edib. Təlimlərdə 600-yə yaxın iştirakçı, 5000-dən çox müraciət edən olub. Təlimlər və Saakaşvili ilə görüş Yeni Liderlər Təşəbbüsü qeyri-hökumət təşkilatının direktoru Kristina Puşau tərəfindən təşkil olunub. Təşkilatın azərbaycanlılar üzrə koordinatoru, həmçinin təlimlərdə mühazirə söyləyən Ziyəddin İsmayılovdur”.


Ziyəddin Aslan İsmayılovun oğludur və ilk baxışda belə bir paylaşım öz övladının vətəndaş cəmiyyətinin inkişafında səmərəli rol oynamasından iftixar hissi keçirən atanın öz duyğularını izləyiciləri ilə bölüşməsi təəssüratı oyadır. Amma bu təəssürat Aslan İsmayılovu tanımayan, onun mahiyyətinə bələd olmayan sadəlövh insanlarda yarana bilərdi, məndə yox! Aslan İsmayılovun, yumşaq, çox yumşaq desəm, salamat adam olmadığını dəqiq bildiyimdən, paylaşımdakı “layihə” və “koordinator” sözlərini görən kimi ağlıma ermənilər gəldi. Aslan İsmayılov Azərbaycana, azərbaycanlılara, vətəndaş cəmiyyətinin inkişafı kimi idealist təşəbbüslərə qoşulan bir oğulla əsla və əsla qürur duymazdı. Bir el deyimini dəyişib desək, atası gəzən ağacı balası budaq-budaq gəzməli, ermənilərlə iş birliyi qurmalı idi.


Çox adam bilir ki, hələ 1989-cu ildə “Sumqayıt hadisələri” ilə bağlı imperiya prokuroru olaraq iştirak etdiyi məhkəmə prosesində o, ermənipərəst mövqe tutmuş, ermənilərə qarşı zorakılıq törətməkdə təqsirli bilinən bir çox soydaşımıza ölüm hökmü də daxil, ən ağır cəzalar istəmişdi. Lap yaxın günlərə qədər azərbaycanlı iş adamı, Xəmsə MMC-nin sahibi Mürvət Həsənlini Türkiyədəki “Emre Piliç” şirkətinin ortaqları olan ermənilərin etibarnaməsi əsasında divana çəkir, ancaq vəkil statusu olmadan hüquqi mübahisəni məhkəmədə deyil, sosial şəbəkədə söyüş, təhqir, böhtanla aparırdı.


Üçüncüsü, Aslan İsmayılovun fəaliyyətini gündəlik diqqətdə saxlayan bir jurnalist, siyasi təhlilçi olaraq adım kimi əmin idim ki, Ermənistan kəşfiyyatının trolları onu ciddi şəkildə dəstəkləyir və bu dəstək öncədən razılaşdırılmış fəaliyyət planı əsasında verilir. Elə bu səbəbdən də düşünürdüm və hətta yaxın dostlara da zaman-zaman deyirdim ki, cidanı çuvalda çox gizlətmək mümkün olmayacaq, bu barədə hər hansı ipucu üzə çıxacaq. Elə bu səbəbdən də Kristina Puşaunun adına “Armenia” yazaraq Quql axtarış sistemində düyməni basdım və... ŞOK! Daxili inamım bu xanımcığazın ermənipərəst olacağı, İrəvana səfər edib Azərbaycan əleyhinə nitqlər söyləyəcəyi yönündə idi, ancaq qarşıma elə bir fakt çıxdı ki...


Məlum oldu ki, Aslan İsmayılovun dəfələrlə öz Feysbuk səhifəsində adını çəkdiyi, fəaliyyətini təqdir etdiyi, həyata keçirdiyi layihələrdə soydaşlarımızı fəal iştirak etməyə çağırdığı, oğlu Ziyəddinin “hayıl-mayıl” şəkillər çəkdirərək rəsmən Azərbaycan üzrə nümayəndəsi olduğu Kristina Puşau... ermənidir, erməni diasporunun fəal nümayəndəsidir!


Puşau bakalavr təhsilini 2012-ci ildə başa vurub. Bakalavr təhsili aldığı Cənubi Kaliforniya Universitetində Erməni Tələbələr Assosiasiyasına başçılıq edib. Cənubi Kaliforniya Universiteti isə erməni diasporunun mətəsi sayılan Los-Anceles şəhərinin qəlbində yerləşir, həmin universitetdə xeyli sayda hay təhsil alır.


Odur ki, Erməni Tələbə Assosiasiyasına mənşəcə hay olmayan birinin başçılıq etməsi mümkün deyil. Lakin Kristinanın soyadının “yan” sonluğu ilə bitməməsi onun ailəsinin ABŞ-da çoxdan məskunlaşdığını söyləməyə əsas verir. Hətta bunun əksini fərz etsək və Puşaunun mənşəcə erməni olmadığını (hərçənd buna lüzum yoxdur) düşünsək belə, onun erməni diasporunun təsirində olması faktı öz əhəmiyyətini itirmir. Belə ki, ABŞ-dakı erməni tələbələr assosiasiyaları diasporun beyin mərkəzi sayılan Erməni Araşdırmaları İnstitutunun bir növ gənclik qolları kimi fəaliyyət göstərir. Ayrıca, Kristinanın sosial şəbəkələrdə, açıq internet resurslarında yazdığı ermənilərə dəstək mesajları bir yana, onun başçılıq etdiyi tələbə təşkilatının qondarma erməni soyqırımı ilə bağlı Cənubi Kaliforniya Universitetində təşkil etdiyi aksiya görünən dağa bələdçi axtarmağa yer qoymur.


Bir ayağı Gürcüstanda, bir ayağı Los-Ancelesdə olan Kristina heç də sıradan bir aktivist təsiri bağışlamır. O, Gürcüstanın eks-prezidenti Saakaşvili ilə yaxın dostdur, öz dostunu müdafiə məqsədi ilə zaman-zaman aksiyalar təşkil edib. Kristina həmçinin müxtəlif xarici kütləvi informasiya vasitələrində siyasi ekspert kimi çıxışlar edir, demokratikləşmə prosesinə dəstək adı altında layihələr icra edir, həmin layihələr əsasən Gürcüstanda, Ukraynada “inqilabi proses”lər üçün gənclərin fəallaşdırılmasına xidmət edir. Hər halda, onun okeanın o tayından varıb Tiflisdə gəlib yaşaması, tez-tez Odessaya getməsi, gedərkən özü ilə xeyli sayda cavanı başına yığması arxasında ciddi maliyyə təminatının olduğunun ifadəsidir. Bu cür yüksək maliyyə dəstəyinin isə ABŞ-dakı erməni diasporunun və Saakaşvilinin dostu Corc Sorosun fondu tərəfindən verildiyini təxmin etmək çətin deyil. Heç şübhəsiz, belə bir yüksək hazırlıqlı adam nə ABŞ xüsusi xidmət orqanlarının, nə də Ermənistan kəşfiyyatının diqqətindən, nəzarətindən kənarda qala bilməz. ABŞ məlum, Qafqaza Qafqaz əsilli əməkdaşlarını göndərir. Bəs, necə düşünürsünüz, Kaliforniyada erməni diasporunun fəal nümayəndəsi olan cazibədar bir xanımla Ermənistan kəşfiyyatı bağ qurmamış ola bilərmi?


Əlbəttə, yox! Odur ki, artıq Azərbaycan xüsusi xidmət orqanları hərəkətə keçməli, Aslan İsmayılov və onun oğlunun Cənubi Kaliforniya Universitetində Erməni Tələbələr Assosiasiyasının lideri olmuş xanımın "inqilabi layihələrinə" Azərbaycan və azərbaycanlıların cəlb edilməsində hansı rol aldıqlarını araşdırmalıdır.






(axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND