Ombudsman: Pensiya yaşına 7-10 il qalmış işçilərin ixtisarı qadağan edilməlidir

27.02.2019 11:42
576
Ombudsman: Pensiya yaşına 7-10 il qalmış işçilərin ixtisarı qadağan edilməlidir

İşçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri də pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir.


Ekspress.az -ın xəbərinə görə, bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə qeyd edilib ki, bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problemdir: “Ona görə də yaşa görə əmək pensiyası yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması, bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina edilməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavələrin edilməsi zəruridir” (ONA).


Sənəddə bildirilir ki, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra qurumlarda əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara şənbə və bazar, habelə bayram günləri üçün müavinətin ödənilməməsi qanunvericiliyə ziddir: “Müavinət iş günləri üzrə deyil, təqvim günləri üzrə ödənilməlidir. Bunu nəzərə alaraq, Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsit haqqında Əsasnamə"nin 1.1-ci maddəsinə uyğun olaraq, faktiki təqvim günləri üzrə hesablanması təmin edilməlidir”.

Ekspress.az