Mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür

05.05.2019 18:44
123
Mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür

Mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür.


1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası həmin günün qeyd olunması ideyası ilə çıxış edib. Bu beynəlxalq gün yalnız 1992-ci ildə rəsmi status qazanıb. İndi dünyanın 50-dən artıq ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.


Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.


Azərbaycanda da həkim-mamalıq sahəsi getdikcə təkmilləşdirilir, əldə olunan uğurlar ildən-ilə artır, bu peşənin sahibləri neçə-neçə ailəyə övlad sevincini bəxş edirlər. Ölkəmizdə həmin peşə üzrə mütəxəssislərin hazırlanmasında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) xüsusi əhəmiyyət kəsb edir. Bu tibb müəssisəsinin elmi istiqaməti ana və uşaqların sağlamlığının monitorinqi və çox yayılmış xəstəliklərin müalicə və profilaktikası üsullarının təkmilləşdirilməsidir. ETMGİ kliniki və elmi fəaliyyətlə yanaşı, respublikanın bütün doğuşayardım müəssisələri üçün də metodik mərkəz rolunu oynayır.


Həkim-Mama Günündə müxtəlif yürüşlər, aksiyalar, ictimai yerlərdə pulsuz konsultasiyalar keçirilir, hər kəs bu sahədə əldə edilən uğurlar barədə məlumatlandırılır. Bu əlamətdar gün həkim-mama sənətinin vacibliyini önə çıxarmaq, cəmiyyəti bu istiqamətdə maarifləndirmək məqsədilə qeyd edilir. Həkim-mama peşəsini seçən hər bir kəs professionallığı ilə yanaşı, mərhəməti, qayğıkeşliyi və mehribanlığı ilə də örnək olmalıdır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND