Beynəlxalq Bank SIBOS sərgi-konfransına qatılıb

22.10.2018 10:06
155
Beynəlxalq Bank SIBOS sərgi-konfransına qatılıb

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi SIBOS sərgi-konfransı bu il 22-25 oktyabr tarixində Avstraliyanın Sidney şəhərində keçirilir. Sərgiyə Azərbaycan Beynəlxalq Bankı da qatılıb. Ekspress.az banka istinadən bildirir ki, bankı bu beynəlxalq sərgidə İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov və Baş direktor Fuad İslamov təmsil edir.

 

Hər il bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılır.

 

Sərgi-konfrans çərçivəsində Azərbaycan Beynəlxalq Bankının nümayəndə heyəti xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə 30-dan çox görüş keçirəcək. Azərbaycan Beynəlxalq Bankının yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat veriləcək. Gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

 

Sərgi ilə bağlı bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bildirib: “Ənənəvi SIBOS sərgi-konfransları dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platformadır. Geniş beynəlxalq tərəfdaşlıq çevrəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı da bu imkanı dəyərləndirərək SIBOS sərgi-konfranslarında hər il təmsil olunur. “SIBOS-2018” çərçivəsində keçirdiyimiz görüşlər, apardığımız müzakirələr, ümid edirik ki, bankın fəaliyyətinə fayda verəcək”.

 

Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND