Yaponlar Azərbaycanda aztəminatlı əhalinin pulsuz göz müayinəsini keçirəcək

02.05.2019 16:54
48
Yaponlar Azərbaycanda aztəminatlı əhalinin pulsuz göz müayinəsini keçirəcək

2006-cı ildə Nansen Qaçqın Mükafatı ilə təltif olunmuş cənab Doktor Akio Kanainin rəhbərliyi ilə Yaponiyanın “Fuji Optical” özəl şirkəti məcburi köçkünlərə, qaçqınlara və digər aztəminatlı əhaliyə optometrik xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycana 15-ci missiyasını həyata keçirəcək.


Nazirlər Kabineti Aparatının mətbuat xidmətindən verilən məlumata görə, missiyanın Azərbaycana səfərlərinin 15-ci ilinin tamam olması münasibəti ilə 6 may 2019-cu il tarixində “Hilton” mehmanxanasının Lazurit zalında saat 10:30-da tədbir keçiriləcək.


Məlumat üçün bildirək ki, görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycana “Fuji” humanitar missiyaları 2005-ci ildə başlamış və həmin vaxtdan hər biri on gün davam edən səfərlər hər il keçirilib.


“Fuji Optical” özəl şirkəti Azərbaycana etdiyi humanitar missiyaların reallaşdırılması üçün 2005-ci ildən indiyədək 2,8 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Təqribən 57 min yüksək keyfiyyətli eynək ölkəyə gətirilib, ümumilikdə 31 min nəfərdən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs missiyalar zamanı göstərilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.


Bu il, “Fuji Optical” şirkəti 7-13 may 2019-cu il tarixlərində Yevlax, Goranboy və Bakı şəhərlərində keçiriləcək altı günlük eynək paylanışı dövründə 2400 məcburi köçkün, qaçqın və sığınacaq axtaran şəxsi müayinə etməyi planlaşdırır.


Missiyanın Bakı şəhərində və regionlarda keçiriləcək tədbirləri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün missiyanın Azərbaycana səfəri üzrə əlaqələndirici şəxs BMT QAK-ın xarici əlaqələr üzrə müşaviri cənab Elsevər Ağayevlə ([email protected], +994 12 492 14 43 -310, +994 50 214 60 37) əlaqə saxlaya bilərsiniz.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND