Mayın 31-i Dünya Tütünsüz Günüdür

31.05.2019 19:50
59
Mayın 31-i Dünya Tütünsüz Günüdür

Mayın 31-i Dünya Tütünsüz Günüdür. Bu gün 1988-ci ildə Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə təsis olunub. DST və tərəfdaşları hər il bu günü qeyd edir, tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.


DST-nin məlumatına görə dünyada hər il təxminən 8 milyon insan “tütün epidemiyası” səbəbindən vəfat edir. Onlardan 800 mindən çoxu passiv siqaret istifadəçiləridir. Diqqətçəkən məqam ondan ibarətdir ki, siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan vəfat edir.


Azərbaycanda tütün istifadəçilərinin sayı təxminən 1,3 milyona bərabərdir.


Ölkəmizdə tütünlə mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında DST-nin Çərçivə Konvensiyasını ratifikasiya edib. Həmçinin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun da qəbul edilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi hər il tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə bir sıra kütləvi tədbirlər təşkil edir.


Bu il Fəvvarələr meydanında “Həyatınızı külə yox, gülə çevirin!” təşviqat aksiyası “Sağlam gələcək naminə tütünçəkmədən uzaq olun!” tövsiyəsi ilə fləşmob təşkil edilib, həmçinin DST-nin ölkə ofisinin dəstəyi ilə “Tütündən imtina et” mobil applikasiyası istifadəyə verilib (Azərtac).


Hazırda əsas məqsəd Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasıdır.


Hər il bir deviz altında keçirilən Dünya Tütünsüz Gününün builki şüarı “Tütün və ağciyərlərin sağlamlığı” adlanır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND