Anomal istilər Avropada fəsadlara səbəb olub

29.06.2019 19:11
81
Anomal istilər Avropada fəsadlara səbəb olub

Şənbə günü anomal isti havalar Fransanın cənubunda meşə yanğınlarına, elektrik enerjisinin kəsilməsinə, İtaliyada isə 3 nəfərini ölümünə səbəb olub.


Reuters agentliyi xəbər verir ki, ən yüksək temperaturun – 45,9 dərəcə selsi hərarətin qeydə alındığı Fransanın Qard bölgəsində 600 hektar ərazidə yanğınlar baş verib, evlər və avtomobillərə ciddi ziyan dəyib. Burada 700 nəfərdən çox yanğınsöndürən və helikopterlər yanğınların söndürlməsinə çalışırlar.


Yanğınsöndürənlərin bir neçəsinin də xəsarət aldığı bildirilir. İyunun 29-da Parisdə də rekord səviyyədə istilər qeydə alınıb. Fransa paytaxtında havanın hərarəti 37 dərəcəyə çatıb. Şəhər meriyası köhnə maşınların hərəkətinə məhdudiyyətlər qoyub.

Dünya Meteorologiya Təşkilatının məlumatına görə, 2019-cu il dünyada ən isti il, 2015-2019-cu illər arasındakı beşillik müddət isə ən isti dövrdür. Təşkilat Avropada görünməmiş istilərin əsas səbəbinin karbon qazı emissiyası olduğunu da əlavə edib (Azərtac).


Qeyd olunub ki, Böyük Britaniya da tarixinin ən isti yayını yaşayacaq. Artıq bu ölkənin bəzi yerlərində temperaturun 35 dərəcəyə çatdığı bildirilir.


İspaniyanın 50 regionunda da anomal istilər hökm sürür. Milli Meteorologiya Agentliyinin məlumatına görə, Girona şəhərində havanın hərarəti 43,9 dərəcəyə çatıb ki, bu da Kataloniyanın bu bölgəsində qeydə alınan ən yüksək temperaturdur. Tarraqona əyalətində 60 kvadratkilometrlik ərazidə baş verən meşə yanğınlarının 90 faizini söndürmək mümkün olub. Tolledo bölgəsində isə meşə yanğınları davam edir.


İtaliyanın Milan şəhərində isə isti havalardan 3 nəfər dünyasını dəyişib. Burada xəstəxanalara müraciət edənlərin sayı 35 faiz artıb.

Avropa ölkələrində yaxın günlərdə havanın temperaturunda enmə gözlənilsə də, isti hava şəraitinin davam edəcəyi bildirilir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND