"Soydaş haqqında qanunun qəbuluna ehtiyac var" - Əflatun Amaşov

01.03.2019 22:33
170
"Soydaş haqqında qanunun qəbuluna ehtiyac var" - Əflatun Amaşov

Bu gün Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvləri ilə Gürcüstandan olan bir qrup soydaşımızın görüşü keçirilib.


Ekspress.az xəbər verir ki, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, gürcüstanlı soydaşlarımızın Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri olaraq ona ünvanladıqları müraciət əsasında təşkil olunmuş toplantıda soydaşlarımızın üzləşdikləri problemlər müzakirə olunub.


Bu xüsusda əsasən miqrasiya məsələlərinə toxunulub. Bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanla sıx təmaslara malikdirlər. Onların ölkəmizin müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda çoxsaylı qohum-əqrəbaları yaşayır və buna görə də onlar daim ölkəmizə səfərlər edirlər. Bəziləri isə ötən əsrin 90-cı illərindən bu yana Azərbaycanda yaşasalar da, onlarla əlaqədar heç bir sənədləşmə işləri aparılmayıb. Bütün bu məsələlər isə Azərbaycanın miqrasiya qanunvericiliyi ilə tənzimlənməlidir.


Əflatun Amaşovun sözlərinə görə, görüşdə müzakirə edilən məsələyə kompleks yanaşılmasının zəruriliyi önə çəkilib:


"Qonaqlar bildirdilər ki, Azərbaycan hansı ölkənin vətəndaşlığını daşımasından asılı olmayaraq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənidir. Onların ölkəmizə gediş-gəlişi və ölkəmizdə qalma müddətləri ilə bağlı məsələlər xarici ölkələrin digər vətəndaşları ilə eyni şərtlər altında olmamalıdır. Buna görə də soydaş haqqında qanunun qəbuluna ehtiyac var".


Qeyd edək ki, qarşılıqlı müzakirə şəraitində keçmiş görüşdə həmçinin soydaşlarımızı maraqlandıran digər məsələlər, o cümlədən təhsil məsələləri də müzakirə olunub.

  • SON XƏBƏR
  • TREND