İqtisadiyyat Nazirliyi sahibkarlar arasında müsabiqə keçirəcək

28.02.2019 12:16
268
İqtisadiyyat Nazirliyi sahibkarlar arasında müsabiqə keçirəcək

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu iş adamlarının investisiya layihələrini güzəştli qaydada maliyyələşdirməklə yanaşı, onların maarifləndirilməsi, digər sahibkarlarla əlaqələrinin qurulması, eyni zamanda korporativ sosial məsuliyyət prinsipinə uyğun olaraq sahibkarlara, xüsusilə da təşəbbüskar gənclərə şərait yaradılması, onların dəstəklənməsi üçün müsabiqə keçirməyi planlaşdırılır.


Ekspress.az xəbər verir ki, bunu nazir müavini Sahib Məmmədov deyib.


Onun sözlərinə görə, müsabiqənin nəticəsində innovativ düşüncəyə malik gənclər, startapçılar seçiləcək və Fond onların fəaliyyəti üçün şərait yaradacaq:


“Bu məqsədlə Fondda "Biznes İnkubasiya Mərkəzi” fəaliyyət göstərəcək. Sahibkarlar startap ideyalarının kommersiyalaşdırılması ilə bağlı mövcud imkanlardan istifadə edəcəklər. Fond da bu istiqamətdə onları dəstəkləyəcək”.


Nazir müavini fondda fəaliyyətə başlayacaq “Sahibkarlara Xidmət Mərkəzi" barədə də danışıb:


“Mərkəzin yaradılmasında əsas məqsəd Sahibkarlığın İnkişafı Fondunun kreditlərindən istifadə qaydaları, müvəkkil kredit təşkilatları və əldə olunmuş uğurlu təcrübələr barədə sahibkarları məlumatlandırmaq, onlara lazımi məlumatları operativ qaydada çatdırmaq, iş adamlarını maarifləndirməkdir (report). Hesab edirik ki, bu cür dəstək mexanizmləri vasitəsilə sahibkarlarımız dövlətin güzəştli kreditlərinə çıxış imkanları barədə ətraflı məlumat edəcəklər. Bu da onların növbəti layihələrinin maliyyələşdirilməsində vacib addımlardan biri olacaq”.


Ekspress.az


Açar sözlər: