"Pensiya yaşına az qalmış şəxslərin ixtisarına yol verilməməlidir" - deputat

28.02.2019 22:38
398
"Pensiya yaşına az qalmış şəxslərin ixtisarına yol verilməməlidir" - deputat

Xəbər verdiyimiz kimi, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 2018-ci il üzrə fəaliyyəti ilə bağlı Milli Məclisə göndərdiyi hesabatında təklif edib ki, pensiya yaşına 10 il qalmış qadınların, 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan olunsun.


Bəs görəsən, bu təklifin reallaşması mümkündürmü?


Ekspress.az xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, ombudsmanın təklifi prinsipcə yaxşı təklifdir:


"Şəxsən mən də onu dəstəkləyirəm. Çünki bir çox hallarda yaşlı, pensiya yaşına yaxınlaşmış insanlar yenidən iş tapa bilmirlər. Ya onların ixtisasına uyğun iş olmur, ya da başqa işə uyğunlaşa bilmirlər. Onlar üçün yenidən təkmilləşmə, ixtisasartırma kursları keçmək çətin olur. Eyni zamanda, hər bir müəssisə, hər bir təşkilat istəyir ki, cavan, daha perspektivli, daha məhsuldar işçi götürsün.

Yəni öz müəssisəsinin qayda-qanununu, yaxud da iş prinsiplərini onlara öyrətmək nisbətən daha asan olsun, onları daha tez inkişaf etdirib yetişdirə bilsin. Bu mənada, yaşlı insanların kənarda qalmaması üçün belə bir məhdudiyyətin qoyulması mümkündür. Amma bunu imperativ qaydada heç bir halda qanuna daxil etmək mümkün deyil.

Sadəcə, tövsiyə vermək və ya istər qadınlarla, istər kişilərlə bağlı “beş il qalmış tövsiyə edilmir” yazmaq olar, yaxud da onlara hansısa güzəştli şərtlər tövsiyə oluna bilər ki, ən axırıncı halda ixtisar edilsinlər. Yəni elə birinci dəfədən ixtisara salınmasınlar".


Musa Quliyev bununla belə, qeyd edib ki, heç bir özəl struktura belə bir göstəriş, tapşırıq vermək olmaz ki, kimisə saxla, kimisə saxlama:


"İkinci tərəfdən ola bilər ki, hansısa müəssisə, özəl təşkilat bağlanır və ya ixtisar gedirsə, yaxud o işçini hər hansı səbəbdən saxlamaq həmin müəssisə üçün əlverişli deyilsə, o zaman şərtlər müəyyənləşməlidir".


Deputat xatırladıb ki, Əmək Məcəlləsində ixtisarlarla bağlı maddə var və orada açıq şəkildə göstərilir ki, işçilər hansı halda ixtisar oluna bilməzlər.


"Həmin maddədə “pensiya yaşına beş il qalmış işçilərin ixtisarına yol verilmir” və yaxud “tövsiyə olunmur” şəklində yazmaq olar. Ümumiyyətlə, belə götürəndə ombudsman bu təklifi irəli sürməklə öz xoş münasibətini, xoş niyyətini bildirmiş olur və yəqin ki, onun təklifi müzakirə olunanda fikirlər daha da konkretləşər.


Mən də o fikirdəyəm ki, yaşlı insanların, xüsusilə pensiya yaşına az qalmış şəxslərin işinə davam etmələri daha məsləhətlidir. Çünki onlar hər hansı bir səbəbdən işdən çıxarılırsa, təcrübə də göstərir ki, yenidən işə bərpa oluna bilmirlər və ya yeni iş yeri tapa bilməyərək işsiz qalırlar", - deyə Musa Quliyev bildirib.

Açar sözlər: