Siqara siqaret demərəm, mən Dədə Qorqud...

13.02.2019 16:15
804
Siqara siqaret demərəm, mən Dədə Qorqud...

Orta məktəb dərsliklərindəki problemlərdən nə qədər deyilib, nə qədər yazılıb, yazanlar da yorulub, deyənlər də. Amma dərsliklərimiz problemlərdən yaxa qurtara bilmir ki, bilmir. Birindən deyirsən, yazırsan, problem yoluna qoyulur, “estafet”i başqa dərslik qəbul edir, elə bil...

 

Allahın hər verən günü oxuyuruq ki, filan mağazanın sahibi azyaşlıya siqaret satdığı üçün cərimələnib. Maraqlansan, həmin uşağı elə doğmaca atası, yaxud dayısı, əmisi göndərib siqaret almağa. Belədə satıcıyla yanaşı həmin uşağı siqaret almağa göndərəni də cərimələmək lazımdır.

 

Ölkədə ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulandan sonra dost-tanışlarımdan siqareti tərgidənlər olub. Adam atdığı addımı özünəxas şəkildə əsaslandırır: "Yeyib-içdiyin yerdə könlünə siqaret çəkmək düşür. Di gəl, yeməyin üstündən dur çıx çölə ki, siqaret çəkəcəksən. Lazım deyil mənə belə siaret çəkmək..."

 

Siqaretdən danışmışkən, bir neçə gündür orta məktəblərin 5-ci sinifləri üçün hazırlanmış “Azərbaycan tarixi” dərsliyinin üz qabığında

və içərisində Dədə Qorqudun siqar çəkdiyi əks olunan görüntüsündən danışılır. Bu barədə danışanlar tütün məmulatlarının reklamının qadağan olduğu halda orta məktəb dərsliyində belə bir görüntünün verilməsinin təəssüf doğurduğunu bildirirlər. Adamlar iddia edirlər ki, bəs bu, siqaretin, tütün məhsullarının şüuraltı təbliğatının aparılmasıdır. Halbuki məktəblilər arasında bunun əks-təbliğatı aparılmalıdır.

Təbii ki, səslənən iddialara cavab özünü çox gözlətməyib. Belə ki, "Təhsil NP”dən məsələ ilə bağlı “bakupost”a bildirilib ki, 5-ci sinif "Azərbaycan tarixi” dərsliyinin üz qabığında xalqımızın qürur mənbəyi, ədəbiyyatımızın qədim və dəyərli yazılı abidəsi olan "Dədə Qorqud dastanları”nın baş qəhrəmanı Dədə Qorqudun obrazını əks etdirən əsər təqdim olunur.

Bu əsərin müəllifi Azərbaycanın Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Altay Hacıyevdir: "O, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin rənglərdə canlanan obrazlarını yaradıb, onlara "Xalqımızın ulduzları” adını verib. Bu rəsmlər uzun illər müxtəlif nüfuzlu sərgi salonlarında nümayiş etdirilib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bu mənada Azərbaycanımızı, onun qəhrəman keçmişini tanıtdıran və təbliğ edən sənətkarlar arasında Altay Hacıyevin adı xüsusi hörmət və ehtiramla çəkilir. Təsadüfi deyil ki, dərsliyin içərisində də yeri gəldikcə Altay Hacıyevin yaradıcılığına müraciət edilib. Dərsliyin üz qabığının tərtibatı özündə dərin bir məna yükü daşıyır. "Kitabi-Dədə Qorqud dastanları” xalqımızın tarixinin, mədəniyyətinin qədimliyini sübut edən ən tutarlı dəlillərdən biridir”.

 

Onlar da sənətşünaslar tərəfindən yüksək qiymətləndirilən bu əsər haqqında gülünc iradları eşitməyin təəssüfedici hal olduğunu bildirirlər: “Məlumdur ki, Dədə Qorqudun yaşadığı tarixi dövr və məkanda tütün məmulatından istifadə edilməyib, ümumiyyətlə, tütün Avropaya ilk dəfə XVI əsrdə Amerika qitəsindən gətirilib. Əsərin müəllifi də bu cür iradların absurd olduğunu söyləyib”.

 

Rəsmə diqqətlə baxanda isə, Dədə Qorqudun iki barmağının arasında siqar tutması və kiçik qızartı açıq-aşkar görünür.


Öz aramızdır, ictimai yerdə “çəkmir” ki?!.