Soğan niyə bahalaşdı? – EKSPERT

29.01.2019 13:44
339
Soğan niyə bahalaşdı? – EKSPERT


Türkiyədə soğanın qiymətinin bahalaşması Azərbaycan bazarına da təsir edib. Son 15 gündə soğanın qiymətində 2 dəfəyədək bahalaşma müşahidə olunur. Soğan satışı ilə məşğul olanlar bahalaşmanı Türkiyəyə ixracın artması və yerli bazarda soğana tələbin çoxalması ilə izah edirlər.


Ekspress.az xəbər verir ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib ki, Azərbaycanda kifayət qədər soğan istehsal olunur:

”Rəqəmlərə istinad eləsək, son göstərici odur ki, ölkədə illik 230 min ton soğan istehsal olunub, əkin sahəsi də azalmayıb. Hazırda 123 min hektarda soğan əkilir. Bu, hektara 16 sentner təşkil edir və məhsuldarlıq ildən-ilə artır. Soğan sahəsində ümumi göstəricilər yüksəkdir.

Ölkənin ildə 160 min ton soğana tələbatı var, bunun qarşılığında 230 min tondan çox soğan istehsal olunur. Son vaxtlar deyilir ki, soğan ixraca getdiyi üçün daxili bazarda bahalaşma var. Amma rəqəmlər bunu təsdiq eləmir.

Rəqəmlərə baxsaq görərik ki, 2017-ci ildə ölkədən 56 min ton soğan ixrac olunmuşdusa, 2018-ci ildə cəmi 40 min ton ixrac olunub. Yəni ixrac həcmi azalıb, bu o deməkdir ki, əksinə, bu il soğan ucuz olmalı idi.

Topdansatışda son qiymət 55 qəpikdir. Səyyar satışlarda 60-70 qəpik olur. Yəni satışda da süni qiymət bahalaşması müşahidə olunmur. Nə rəqəmlər, nə də topdan satış və səyyar satışdakı vəziyyət deyilənləri təsdiqləyir”.


Ekspert iki ehtimalın olduğunu deyib: “Birincisi, ola bilər, rəqəmlər şişirdilib, əslində reallıq fərqlidir. Yəni ölkədə 230 min tondan artıq soğan istehsalı yoxdur.

İkinci ehtimal ondan ibarətdir ki, bazara müəyyən obyektiv təsirlər var. Məhsul yığılan vaxtı müəyyən adamlar böyük həcmdə soğanı anbarlara yığıb saxlayır, Novruz bayramı ərəfəsində bazara çıxarmaq istəyir. Çünki bayram qabağı təbii ki, istehlak yüksək səviyyəyə çatır, xüsusən kartof, çörək məhsulları, ət məhsulları kəskin sürətdə bahalaşır.

AQTA-nin xəbərdarlığından məlum oldu ki, Türkiyədə, digər ölkələrdə bizim soğanlarda xəstəliyin olması ilə bağlı məlumatlar var. Bu da ciddi məsələdir. Bu, hansı xəstəlikdir? Düzdür, bizim soğanda xəstəliklər müəyyən olunur, çünki soğanın toxumundan tutmuş, yığımı, saxlanmasına qədər ciddi problemlərimiz var.

Məsələn, soğanı piramida kimi sahəyə yığırlar, yağışın, qarın altında qalır. Camaatın saxlanc yeri yoxdur. Soğan da belədir ki, məhsul torpaqla təmasda olursa, avtomatik torpaqdan ona xəstəlik keçir”. (teleqraf.com)


Xatırladaq ki, yaxın günlərdə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə “Zərərli risk analizi“nin aparılması istiqamətində məlumat daxil olub. Risk təhlilindən sonra uyğun şərtlər daxilində Azərbaycandan Türkiyəyə soğanın idxalına icazə verilib.

Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə çatdırıb ki, ölkəmizdən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayət olunmamalıdır.

İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND