Energetika Nazirliyi və Total Anlaşma Memorandumu imzalayıb

05.02.2019 18:48
200
Energetika Nazirliyi və Total Anlaşma Memorandumu imzalayıb


 

Energetika Nazirliyi və Fransanın “Total Eren” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu (AM) imzalanıb.


Sənədi energetika nazirinin müavini Elnur Soltanov və “Total Eren” şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb. Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur.


Energetika nazirinin müavini Elnur Soltanov “Total” şirkəti ilə karbohidrogen sənayesində əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələrdən bəhs edib və bu təcrübənin bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıqla daha da zənginləşəcəyini söyləyib. Nazir müavini ölkəmizin bərpa olunan enerji potensialı barədə ətraflı məlumat verib və bildirib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə külək, günəş və bioenerji üzrə 420 MVt yeni generasiya gücünün istifadəyə verilməsi əsas hədəflərdən biridir.


Bu hədəfə nail olmaq üçün bərpa olunan enerji sahəsi üzrə qanunvericilik bazası yaradılır, özəl investisiyaların cəlbi mexanizmləri müəyyənləşdirilir və  bu işlərdə qabaqcıl təcrübəyə malik beynəlxalq enerji şirkətləri, maliyyə təşkilatları ilə əməkdaşlıq edilir: “Bu gün imzalanan bu sənəd “Total” şirkəti ilə əməkdaşlıqda yeni səhifə açmaqla bərabər, bərpa olunan enerjinin enerji istehsalında payının artırılması prosesinə töhfə verəcəkdir”-deyə nazir müavini əlavə edib.


“Total” şirkətinin ölkə üzrə direktoru Denis Lemarşal Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirib.  Bildirilib ki, “Total Eren” bərpa olunan enerji layihələrinin, xüsusən külək və fotovoltaik elektrik stansiyalarının inkişafı, maliyyələşdirilməsi və istismarı üzrə ixtisaslaşıb. Anlaşma Memorandumu şirkətin Azərbaycanda yaşıl enerjinin inkişafı sahəsində maraqlarını reallaşdırmağa imkan yaradacaq.


  • SON XƏBƏR
  • TREND