Bacarmırlar: Milli ruhu olmayan futbolçularımız

12.06.2019 20:42
124
Bacarmırlar: Milli ruhu olmayan futbolçularımız


Futbol üzrə milli komandamız 12 il sonra öz meydanında rəsmi matçda darmadağına məruz qaldı. Əgər 2007-ci ilin oktyabrın 17-da Tofiq Bəhramov adına Respublika Stadionunda bunu Sebiya millisi 6:1 hesabı ilə etmişdisə, dünənki darmadağını slovaklar etdi. İki oyuna mərkəzi avropalılardan doqquz top buraxdıq.


Bu, heç də mərkəzi avropalılara qarşı oyunumuzun alınması demək deyil. Axı biz 18 il əvvəl Bakıda Slovakiyanı 2:0 hesabı ilə məğlub etmişik. Bəs niyə bu hesab qeydə alındı? Dəyişən nədir?


Görünən kəndin bələdçiyə ehtiyac yoxdur. Dəyişən bəzi futbolçularımızın milli formanın üzərindəki Azərbaycan bayrağının məsuliyyətini dərk etməməsidir (Oxu.az). Futbolçularımız dünənki oyuna mübarizə aparmağa yox, ayaqlarını sürüyə-sürüyə vaxt keçirməyə çıxmışdı.


Hücumçumuz, vaxtilə elə həmin Slovakiyada legioner həyatı sürmüş Ramil Şeydayev istisna olmaqla, dünən meydanda futbol oynayan vardı?


Bəlkə, elə məsələ burada gizlənir?! Biz nə vaxta kimi Qara Qarayevi, Maksim Medvedevi, Bədavi Hüseynovu “Qarabağ”da görəcəyik? Niyə bu futbolçular legioner karyerası qurmaq istəmir? İnanın mənə, menecerlərinə desələr, Türkiyə və Rusiyanın ortabab klublarında çıxış edərlər. Amma etmirlər, çünki qorxurlar.


Niyə Riçard Almeyda bir az çətinə düşən kimi Qazaxıstanda tab gətirməyib üzüqoylu, suyu tökülə-tökülə yenidən Bakıya, “Qarabağ”a qayıtdı? Niyə dağıstanlı olan Bədəvi Hüseynovun peşəkar karyerası ancaq Azərbaycanla bağlıdır? Niyə Rusiyada ən azı Mahaçqala “Anji”si ona qucaq açmır? Bax, səbəblər budur.


Amma deyək ki, qorxurlar, Azərbaycanda hər il yüksək maaş alan bu futbolçular öz isti evlərindən bir qədər aralıda yerləşən iş yerlərini dəyişməkdən çəkinirlər. Bəs bu futbolçuların milli ruhları harada qaldı?


Axı bir neçə gün əvvəl Türkiyə millisi milyonluq heyətə malik, Kilian Mbapeli, Antuan Qrizmanlı, elə Bakıda “Çelsi” ilə Avropa Liqası qalibi olmuş Olivye Jirulu Fransanı diz çökdürməklə bizə, bizim kimilərə hər şeyi pulun həll etmədiyini əyani surətdə göstərdi. Etnik mənsubiyyətinə görə Azərbaycan əhalisinin, meydanda olan futbolçuların çoxunun türk olduğunu nəzərə alsaq, hanı bəs bizdə olan Osmanlı türklərindəki mübarizə istəyi, hanı bəs bizdə olan o qürur? Slovakiya ki Fransa deyil.


Nə qədər ki ikili mübarizə aparmaqdan çəkinəcəyik, nə qədər ki milli ruhu olmayan futbolçular meydanda olacaq, nə qədər ki meydanda bütün fikrini qapımızdan daha az top buraxmağa çalışan futbolçular ordusu yetişəcək, o zaman da belə nəticələr qaçılmaz olacaq.


Bir az milli şərəf damarınız olsun!


Ekspress.az

  • SON XƏBƏR
  • TREND