Günvurma necə baş verir?


08.07.2019 14:32
68
Günvurma necə baş verir?

Yay mövsümündə ən çox müşahidə edilən hallardan biri də günvurmadır. Günün çox hissəsini açıq havada keçirmək, günəş altında fasiləsiz şəkildə fiziki işlə məşğul olmaq günvurma təhlükəsi ilə üz-üzə qoyur.


Ekspress.az xəbər verir ki, günvurmaya qarşı zəruri olan tədbirlər hər kəsi maraqlandırır. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikdən əziyyət çəkənlərin isti havada xəstələnməməsi üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Lakin istidən qorunmaq tədbirləri təkcə həmin kateqoriyadan olanlara yox, həm də tam sağlam olanlara da aiddir.


Paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədova bu barədə Azərtac-a deyib: "Yüksək təzyiqdən, endokrin sistemi xəstəliklərindən, ürək ritminin pozulmasından əziyyət çəkənlər və çəki artıqlığı olanlarda günvurma halları daha çox müşahidə olunur. Həmin kateqoriyadan olanlar isti günəş şüaları altında çox qalmamağa çalışmalıdırlar. Lakin hansısa zərurətdən buna məcbur olduqda mütləq qoruyucu vasitələrdən, məsələn, papaq, baş örtüyü, çətir və s. istifadə etmək lazımdır. Onlar həmişə öz yanlarında sərin su gəzdirməli və çoxlu maye qəbul etməlidirlər".


Günvurma nəticəsində orqanizmdə ciddi problemlər yarana bilər, ürəkbulanma, gözün qaralması, güclü başağrıları və bəzən də qusma halları baş verir. Zərərçəkənə göstərilməsi zəruri olan ilk tibbi yardım tədbirləri barədə danışan həkim-terapevt deyib: “İlk növbədə günəşin təsirinə məruz qalan xəstəni sərin və kölgəli yerə çəkmək, üst geyimlərini yüngülləşdirmək lazımdır. Bədən hərarətini aşağı salmaq üçün ona soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək lazımdır. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə buz və ya bu mümkün olmadıqda soyuq su ilə islatma qoyulmalıdır. Huşunu itirdiyi halda zərərçəkənə naşatır spirti iylətmək, tənəffüs olmadıqda isə süni tənəffüs vermək tələb olunur. Bundan sonra mütləq həkimə müraciət etmək lazımdır” (axar.az).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND