Gürcüstanda DSK sədri: "Bəzi məntəqələrdə müşahidəçilər provokasiyaya əl atır"

19.05.2019 14:27
75
Gürcüstanda DSK sədri: "Bəzi məntəqələrdə müşahidəçilər provokasiyaya əl atır"


Bu gün Marneulidə keçirilən mer seçkilərində saat 12.00-a olan məlumata görə, 14 min seçici səsvermə hüququndan istifadə edib.


Bunu Marneuli Dairə Seçki Komissiyasının (DSK) sədri Koba Asanidze bildirib.


Bu, seçicilərin ümumi sayının təxminən 14 faizini təşkil edir. K. Asanidze bu saatadək komissiyaya 10 şikayət daxil olduğunu açıqlayıb:


"Bəzi seçki məntəqələrində müşahidəçilər provokasiyaya əl atır, ancaq biz belə hallara qarşı lazım olan şəkildə müdaxilə edirik".


Marneulidə 99 min 717 nəfər səsvermə hüququna malikdir.


Azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir (ONA).


Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.


Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq azərbaycanlı namizədlərə məxsusdur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND