Gələn ildən imtahanlar yeni variantda olacaq

06.08.2018 11:49
1342
Gələn ildən imtahanlar yeni variantda olacaq

Kurrikulumla keçiriləcək qəbul imtahanları nə vəd edir?

 

 

Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi 2019-cu ildə keçiriləcək qəbul qaydalarında bir sıra dəyişikliklər edib. Dəyişikliklərə əsasən qəbul imtahanı kurrikulum əsasında aparılacaq. Bu, kurrikulumla təhsil alan abituriyentlərə uyğun olsa da, əvvəlki illərin məzunları arasında çaşqınlıq yaradıb.


Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov “Ekspress”ə bildirib ki, 2019-cu ildən abituriyentlərin hər biri kurrikulumla imtahan verəcək: “Artıq ənənəvi qəbul imtahanları qurtardı. Növbəti ildən qəbul imtahanı iki mərhələdən ibarət olacaq. Belə ki, cari ilin məzunları birinci mərhələdə buraxılış imtahanı verəcək, əvvəlki illərin məzunları isə buraxılış imtahanı əvəzinə 5-ci ixtisas qrupu üzrə 3 imtahan verəcəklər. İkinci mərhələdə həm cari, həm də əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupu üzrə imtahan verəcəklər. Birinci mərhələdə toplanılan bal (maksimum 300 baldır), ikinci mərhələdə toplanılan balla toplanılaraq qəbul aparılacaq. İkinci mərhələdə maksimum bal 400 baldır. Gələn ildən etibarən bizim öyrəşdiyimiz qəbul imtahanı bitdi”.


Bakı Avrasiya Universitetinin dosenti, təhsil eksperti Mütəllim Rəhimli “Ekspress”ə bildirib ki, qəbul imtahanları iki mərhələyə bölünür: “Buraxılış imtahanlarının və qəbul imtahanlarının nəticəsinin ikisi də birləşdirilərək götürüləcək. Bu, bir tərəfdən yaxşıdır ki, abituriyentlər bir imtahandan canını qurtarırlar. Digər tərəfdən də imtahanların sayı müəyyən dərəcədə azaldılır. Kurrikulum əsasında aparılan imtahanlarda qoyulacaq açıq suallar abituriyentlərin biliklərinin qiymətləndirilməsində daha effektiv olacaq. Kurrikuluma qədər test sualları olurdu. Kurrikulumda isə daha çox abituriyentlərin məntiqi yanaşmalarına üstünlük verirlər. Kurrikulum sistemilə qəbul imtahanları abituriyentlərin müstəqil düşünə bilmək qabiliyyətlərini yoxlayacaq”.


Təhsil eksperti Elşən Qafarovun “Ekspress”ə dediyinə görə, DİM-nin apardığı siyasət elədir ki, tezliklə Azərbaycanda da qonşu ölkələrdəki kimi vahid dövlət imtahanına keçid baş verəcək: “Əvvəlki illərdən fərqli olaraq qəbul imtahanları iki mərhələdə aparılır: orta təhsil bazasının öyrənilməsi üçün buraxılış imtahanı və qəbul imtahanı. Hal-hazırda Rusiya, Qazaxıstan və digər ölkələrin təcrübəsini götürsək, iki mərhələ də qəbul imtahanı üçün çoxdur. Birdəfəlik olaraq şagirdlərin buraxılış imtahanlarının nəticələrinin eyni zamanda onların ali təhsil məktəblərinə, eləcə də, orta ixtisas məktəblərinə qəbul üçün hesablanması daha uğurlu variant olar”,- deyən müsabihimiz bu səbəbdən də hesab edir ki, növbəti ildə artıq vahid dövlət imtahanı keçirilməlidir. Dediyinə görə, bu, uzadılmamalı, növbəti tədris illərinə saxlanılmamalıdır. İmtahanlar iki mərhələdə yox, bir mərhələdə keçirilməlidir.


Qafarov qeyd edib ki, hal-hazırda dövlət standartlarına uyğun olaraq qəbul edilmiş kurrikulumlara əsasən də təhsil həyata keçirilir: “Hansı təhsil proqramı ilə təhsil keçirilirsə, təbii ki, təhsil alanların attestasiyası da proqrama uyğun olaraq aparılmalıdır. Tam məntiqlidir, qanunidir, belə də olmalıdır. Başqa cür mümkün deyil. Çünki hal-hazırda orta ümumtəhsil məktəblərimizdə artıq birinci sinif kurrikulumları üzrə 11-ci sinfi bitirəcəklər, növbəti ildən qəbul imtahanları da məhz həmin kurrikulumla aparılmalıdır”.


Qeyd edək ki, imtahanların keçirilməsi və sual qoyuluşunda dəyişikliklər olacaq. Belə ki, buraxılış imtahanlarında abituriyentlər kurrikulum əsaslı tapşırıqlardan, yazı vərdişləri və qavrama vərdişləri tapşırıqlarından, eləcə də esse yazmaqla imtahan verəcəklər. Qəbul imtahan mərhələsində isə qapalı və açıq tipli testlərdən imtahan verəcəklər (“aztehsil.com”). Qəbul imtahanları ballarının fənlərə görə bölgüsü son məlumata əsasən bu şəkildə olacaq.

Buraxılış imtahanı bütün qruplar üzrə:

 

Azərbaycan dili (tədris dili)-100 bal

Riyaziyyat-100 bal

Xarici dil-100 bal

Qəbul imtahanları:

 I qrup üzrə:

Fizika-200 bal

Riyaziyyat-100 bal

Kimya-100 bal

 

II qrup üzrə:

Coğrafiya-200 bal

Tarix (Ümumi və Azərbaycan)-100 bal

Riyaziyyat-100 bal

 III qrup üzrə:

Tarix (Ümumi və Azərbaycan)-200 bal

Ədəbiyyat-100 bal

Azərbaycan dili-100 bal

 

IV qrup üzrə

Biologiya-200 bal

Kimya-100 bal

Fizika-100 bal

 

V qrup üzrə

Azərbaycan dili (tədris dili)-100 bal

Riyaziyyat-100 bal

Xarici dil-100 bal

 

Balların hesablanma texnikası və ya düsturu hansı qaydada olacağına gəlincə, DİM hər fənn üzrə 25 sual tətbiq edərsə, bu zaman ümumilikdə 150 sual ola bilər. Daha uyğun variant hər fənn üzrə 20 sualın tətbiq olunmasıdır. Halbuki bir neçə il öncə ümumi sual sayı 120 idi. Ekspertlərə görə, ilk mərhələ üzrə 60, ikinci mərhələ üzrə də 60 sual təqdim edilərsə, abituriyentlərin bu sualları cavablamağa zamanları kifayət edər. İstənilən halda hesablama düsturunu bu iki variant üzrə tətbiq etsək, bu zaman düzgün cavabların sayı vurulacaq 4-ə və ya 5-ə. Alınan nəticədən çıxılacaq səhv cavabların sayı, buradan da nəticə alınacaq. Bu qaydanı düsturla ifadə etsək, o zaman NB=D*4 və ya 5, NB-S=N, N*2=N olacaq.

Burada NB nisbi baldır.

D-düzgün cavabların sayıdır.

4 və ya 5 bir suala görə verilən baldır (əgər 25 sual olarsa, 4-ə, 20 sual olarsa 5-ə vurulacaqdır).

N-nəticədir.

N*2 düsturu isə əsas fənlərin nəticəsinin 2 əmsalına vurulmasıdır.

Buraxılış və qəbul imtahan fənlərinin hər biri üzrə 25 və ya 20 sual təqdim olunarsa, o zaman yuxarıda qeyd etdiyim düsturu tətbiq edə bilərik.

Azərbaycan dili 25*4 və ya (20*5)=100/100


Əgər ixtiyari bir abituriyentin ən azı 2 səhv etdiyini nəzərə alsaq, o zaman bu şəkildə hesablama aparılacaq. 23*4=92 və ya 18*5=90, 92-2=90 və ya 90-2=88 bal.

Məsələn, II qrupda coğrafiya fənni 200 balla qiymətləndirilərsə, o zaman hesablama qaydası belə ola bilər:

25*4=100 və ya 20*5=100 bal, 100*2=200 bal.

Əgər ixtiyari bir abituriyentin ən azı 2 səhv etdiyini nəzərə alsaq, o zaman bu şəkildə hesablama aparılacaq. 23*4=92 və ya 18*5=90. 92-2=90 və ya 90-2=88 bal.

90*2=180 və ya 88*2=176 bal


Qeyd edim ki, yeni qəbul qaydalarında da səhv sual düzgün suala təsir edəcək.

Beləliklə, buraxılış imtahanları 300 bal, qəbul imtahanları 400 bal.

I qrupda əsas fənlər: Riyaziyyat/hər iki imtahan üzrə 200 bal

Fizika qəbul imtahanına görə 200 bal.

II qrupda əsas fənlər: Riyaziyyat/hər iki imtahan üzrə 200 bal

Coğrafiya qəbul imtahanına görə 200 bal.

III qrupda əsas fənlər: Azərbaycan dili (tədris dili)/hər iki imtahan üzrə 200 bal

Tarix (Azərbaycan və dünya) qəbul imtahanına görə 200 bal.

IV qrupda əsas fənn: Biologiya qəbul imtahanına görə 200 bal.

V qrupda isə buraxılış imtahanında olduğu kimi:

Azərbaycan dili (rus dili)-100 bal, Riyaziyyat-100 bal, Xarici dil-100 bal olacaq. 2019-cu ildən etibarən V qruplarda maksimum bal 90 deyil, 300 bal olacaq.


Aynurə MƏMMƏDOVA

  • SON XƏBƏR
  • TREND