Hansı hallarda ata adından imtina etmək olar?

10.05.2019 17:41
73
Hansı hallarda ata adından imtina etmək olar?

Məşhur futbolçu Mahir Mədətovun yeni şəxsiyyət vəsiqəsində soyadını, xüsusilə də atasının adını dəyişdirməsi müzakirələrə səbəb olub. 


Sosial şəbəkə istifadəçiləri Azərbaycanda ata adının dəyişdirilməsinin çətin olduğunu və prosesin xeyli vaxt apardığını qeyd ediblər. 


Bəs ölkə qanunvericiliyinə əsasən ad, soyad və ata adı rəsmi sənəddə necə dəyişdirilə bilər?


Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bu dəyişikliklər qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir (qafqazinfo.az).


Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.


Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. (Ad, soyad və ata adının rəsmi sənəddə dəyişdirilməsi ilə bağlı ətraflı məlumatı bu linkdən ala bilərsiz).


Hüquqşünas Əliməmməd Nuriyev də bir müddət əvvəl bu məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, 18 yaşına çatmış hər bir şəxsin öz ad, soyad və ata adının dəyişdirilməsi üçün müraciət etmək hüququ var:


“Azərbaycanın Ailə Məcəlləsi və Mülki Məcəlləsinə, həmçinin, ad, soyad, ata adının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinin12 may 2011-ci il tarixli qərarlarına görə, ad, soyad və ata adının dəyişdirilməsini daha səmərəli tənzimləyə biləcək normalar müəyyənləşib. Çox təəssüf ki, bir sıra hallarda uşaqlara çox eybəcər, milli adlarımıza uyğunlaşmayan, gülünc xarakter daşıyan adlar verilib. Heç şübhəsiz ki, uşaq yaşa dolduqdan sonra istər-istəməz öz adı ilə razılaşmır. O, anlayır ki, daşıdığı ad gülüncdür və mahiyyət etibarilə ona zərər vurur. Ona görə də adının, soyadının, bəzi hallarda atasının adının dəyişdirilməsilə bağlı müraciət edə bilir. Qanunvericiliyə görə, 18 yaşına çatmış hər bir şəxsin öz ad, soyad və ata adının dəyişdirilməsi üçün müraciət etmək hüququ var”.


Qeyd edək ki, 2017-ci ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2093 nəfər şəxsin adının, ata adının və soyadının dəyişdirilməsi əməliyyatı həyata keçirilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND