Dövlət proqramları Azərbaycana nə verib, nə verir?

30.01.2019 17:31
547
Dövlət proqramları Azərbaycana nə verib, nə verir?

Prezident İlham Əliyevin fərmanı ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı sayca dördüncü Dövlət Proqramı qəbul edilib. İndiyə qədər bölgələrin sosial-iqtisadi inkişafının daha da sürәtlәndirilmәsi mәqsәdini hədəfləyən üç belə proqram icra olunub.


Bəs, bu proqramların icrası Azərbaycana nə verib?  


Ümumiləşdirsək, bu proqramların icrası nəticəsində regionların tarazlı vә davamlı inkişafı, onların potensialının bir-birinә kömәk mexanizmi üzәrindә qurulması, qeyri-neft sektorunun möhkәmlәnmәsi, iqtisadiyyatın neftdәn asılılıq dәrәcәsinin azaldılması, sosial infrastruktun yenilәnmәsi, bölgәlәrdә özәl sektorun vә sahibkarlığın inkişafına nail olunması istiqamətlərində irəliləyişlər əldə edilib. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə yeni iş yerləri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.


Əyalətlərin siması məhz ard-arda qəbul olunan proqramlarla dəyişərək, indiki gözoxşayan müasir, rahat bir mənzərəni qazanıb. Bu proqramlar çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb və s.

Bütün bu istiqamətlər üzrə əldə olunan nəticələr davamlı olaraq ictimaiyyətə açıqlandığı üçün onların üzərində geniş durmaq təkrarçılıq ola bilər.


Hamı etriraf edər ki, bu proqramların ən önəmli cəhətlərindən biri prezidentin, həmin sənəd çərçivəsində yerlərdə görülən işlərlə şəxsən tanış olmasıdır. Sirr deyil ki, istənilən icra başçısı məhz ölkə rəhbərinin regionlara mütəmadi səfərləri fonunda daha çox çalışmaq məcburiyyətində qalır. Prezidentin istənilən bölgəyə səfəri, həmin bölgənin inkişafında mühüm rol oynayır. Bölgəyə cavabdeh məmurlar məhz bu səfərlərdən çəkinərək proqramla qarşıya qoyulan vəzifələrin icrası üçün səfərbər olurlar.


Təkcə ötən il İlham Əliyev Azərbaycanın bölgələrinə 24 səfər edib. Bundan başqa, İlham Əliyev prezident kimi ən azı hər bir rayonda 5 dəfə, elə rayon var ki, 10 dəfədən çox səfərdə olub. Bu müntəzəm səfərlər bir tərəfdən ölkə rəhbərinə görülən işlərə yerindəcə nəzarət etmək üçün imkan yaradıb, digər tərəfdən isə bölgələrdə əhalini narahat edən problemlərlə tanış olmağa, onları həll etməyə yardımçı olub.


Prezidentin hər hansı bölgəyə səfərindən sonra, həmin bölgənin sosial infrastrukturunun inkişafı ilə bağlı sərəncamlar imzalamasının dəfələrlə şahidi olmuşuq. Əhalinin qaldırdığı problemləri dinləyən prezident dərhal onların həlli üçün əlavə tapşırıqlar verib.

Bir sözlə, regionların inkişafı ilə bağlı proqramların müsbət nəticələrlə sonuclanmasında prezidentin rayonlara səfərlərinin rolu danılmazdır. Bunun nəticəsidir ki, bölgələrdə infrastruktur layihələrinin icrasında, yeni iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradılmasında, kənd təsərrüfatının inkişafında naliliyyətlər qazanılıb.


Təbii ki, yeni sayca dördüncü olan dövlət proqramının icrası nəticəsində sadalanan sahələr üzrə irəliləyişlər əldə olunacaq. Proqramda əks olunan sahələr üzrə məsələlərin həlli nəticə etibarı ilə bölgələrdə əhalinin maddi durumunun daha da yaxşılaşmasına imkan yaradacaq.


Yeni proqram, həm də ötən ilin aprelində prezident seçilən İlham Əliyevin növbəti dönəmdə də sosial problemlərin həllinə önəm verəcəyini göstərir. Əhalinin problemlərinin həlli, xalqın güzəranının daha da yaxşılaşması, işsizliyin tam aradan qaldırılması əsas hədəflər olacaq. Ölkə rəhbərinin son bir neçə gündə, həm əhalinin həssas sosial təbəqəsi olan şəhid ailələri, müharibə əlillərinin problemlərinin həlli  ilə bağlı verdiyi növbəti fərman və sərəncamlar, həm də bölgələrin daha da inkişafını hədəfləyən yeni proqramı təsdiqləməsi də bunu bir daha sübut edir.


Yeni Dövlət Proqramında da xüsusilə ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi öz əksini tapıb.