Gömrükdən şəxsi istifadə üçün nə qədər mal keçirtmək olar?

07.02.2019 15:25
571
Gömrükdən şəxsi istifadə üçün nə qədər mal keçirtmək olar?


Azərbaycan vətəndaşı Elnur Ağayev İrandan şəxsi ehtiyacı üçün gətirdiyi saatın ondan alınaraq nəzarət buraxılış məntəqəsindəki anbara vurulmasından şikayətçidir. Məsələ ilə bağlı redaksiyamıza müraciət edən Ağayev ayda 1 dəfə öz ehtiyacı üçün İran İslam Respublikasına gedib-gəldiyini deyir. O, sonuncu dəfə 2019-cu ilin fevralın 2-də İrandan qayıdarkən özü ilə gətirdiyi saatın Astara Gömrük nəzarət məntəqəsində gömrük əməkdaşları tərəfindən saxlanıldığını və anbara qoyulduğunu bildirir.


Qeyd edək ki, oxşar xəbərlər bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə də yayılıb. Həmin məlumatlarda vurğulanır ki, şəxsi istifadə məqsədilə gətirilən malların heç də hamısını gömrük nəzarət məntəqəsindən keçirtmək mümkün olmur.


Bu kimi məlumatlarla əlaqədar olaraq Dövlət Gömrük Komitəsi açıqlama yayıb. Komitə qeyd edir ki, yayılan məlumatlarda ən çox müzakirə edilən məsələ qeyri-kommersiya, yəni şəxsi istifadə məqsədilə və nəzərdə tutulandan artıq miqdarda gətirilən mallarla bağlıdır:


"İstər KİV-də, istərsə də sosial şəbəkələrdə bəziləri qanunvericlikdə nəzərdə tutulandan artıq miqdarda gətirilən malların müsadirə ediləcəyini, bəziləri anbara vurulacağını, bəziləri geri qaytarılacağını bildirirlər. Bu məsələ Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" haqqında 305 saylı qərarında aydın şəkildə öz əksini tapıb.


Qərarın 1.5 bəndində bildirilir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir".


Komitə bildirir ki, gömrük sərhədinə idxal nəzarəti zonasından daxil olan hər bir şəxsin gətirdiyi eynicinsli malların miqdarı nəzərdə tutulan miqdardan-yəni 2 ədəddən artıq olarsa, həmin şəxsin hansı mütəmadiliklə xaricə səfər etdiyi, hansı malları gətirdiyi müəyyənləşdirilir: "Qanunvericilik miqdardan artıq olan malların kommersiya yaxud qeyri-kommersiya məqsədləri üçün gətirildiyini müəyyən etməyi də xüsusi qaydalar əsasında gömrük orqanına həvalə edib.


Gətirilən malların dəyəri qanunda nəzərdə tutulandan artıq olduqda isə fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) müəyyən edilən hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir".


Yəni malların şəxsi istifadə məqsədilə gətirildiyi müəyyən edilərsə, 3-cü və daha artıq malların gömrük dəyərinə əsasən hesablanan gömrük ödənişi həyata keçirilir və ya gətirlən 1 və ya 2 ədəd malın dəyəri 1500 ABŞ dollarından çoxdursa, ümumi gömrük dəyərindən 1500 dollar çıxılır və qalan məbləğə görə gömrük ödənişləri həyata keçirilir.


Eyni zamanda malların kommersiya məqsədilə gətirildiyi müəyyən edilərsə, həmin mallar akt tərtib edilərək saxlanc anbarına qoyulur və ekspertizanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.


Komitə onu da bildirir ki, son dövrlərdə Azərbaycanda gömrük işinin səmərəli, müasir standartlara və çağırışlara uyğun, şəffaf və çevik şəkildə həyata keçirilməsi məqsədilə ortaya qoyulan siyasi iradə, istər ölkə rəhbərliyi, istərsə də dünyanın ən mötəbər gömrük mütəxəssiləri tərəfindən təqdirlə qarşılanan və yüksək qiymətləndirilən icra mexanizmi və fəaliyyət var.

  • SON XƏBƏR
  • TREND