Sürücülərə XƏBƏRDARLIQ: "Bir video kifayət edir ki..."


27.08.2019 12:10
106
Sürücülərə XƏBƏRDARLIQ: "Bir video kifayət edir ki..."

Xəbər verdiyimiz kimi ötən gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində qaydaları kobud şəkildə pozan avtobus sürücüləri kameraya düşüblər. Belə ki, 99 NU 969 dövlət nömrə nişanlı və 90 OH 867 dövlət nömrə nişanlı avtobusların sürücüləri əks istiqamətə çıxaraq hərəkət ediblər. Nəticədə bu sərnişinlərə qorxulu anlar yaşadıb. Bəs bu kimi hallara qarşı hansı tədbirlər görülür? Sərnişinlərin təhlükəsizliyi necə qorunur? Avtobusu bu cür “qaydada” idarə edənləri hansı cəzalar gözləyir?


Ekspress.az xəbər verir ki, bununla bağlı açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hər iki avtobus sürücüsü barədə konkret tədbir görüləcək: "Bu barədə onların fəaliyyət göstərdiyi şirkətin rəhbərliyinə məlumat veriləcək. Lazım olarsa onlar intizam məsuliyyətinə də cəlb olunacaqlar”.


Vaqif Əsədov qeyd edib ki, sürücünün avtobusu bu cür idarə etməsini ilk dəfə olaraq vətəndaş videoya çəkərək sosial şəbəkəyə yerləşdirib: “ Həmin ərazilərdə kameralar quraşdırılıb. Məhz kameraların köməyi ilə hərəkətə nəzarət edilir. Yol boyu sürücü hər hansı bir xətaya yol verirsə operativ olaraq elektron qaydada qərar qəbul edilir".


Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev bildirib ki, sürücü və daşıyıcı şikətin məsul şəxsləri agentliyə çağrılıb: "Bu cür anoloji halların təkrarlanmaması üçün şirkət rəhbərliyindən sürücülər barəsində tədbir görülməsi tərəfimizdən tələb olunub".


Vəkil Əsabəli Mustafayev söyləyib ki,baş vermiş qəza nəticəsində əgər kimsə zərər görərsə o zaman sürücü məsuliyyətə cəlb oluna bilər: "Qəza nəticəsində kiminsə əmlakına zərər dəyərsə qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyəti yaranır. Nəqliyyat vasitəsini düzgün idarə etməmək intizam xarkterli xətadır. Bu məsələdə video kifayət edir ki, sürücü barəsində inzibati xəta haqqında protokol tərtib olunsun. Təbii ki, bu hal avtoxuliqanlıq, sürət həddinin aşması kimi də qiymətləndirilə bilər. Əlbəttə, bütün bunlar aparılan araşdırmalardan sonra bəlli olur”. 


Bundan əlavə Əsabəli Mustafayev vurğulayıb ki, çox zaman bu cür halların baş verməsinə səbəb sürücülərin həm də "kanduktor" kimi fəaliyyət göstərməkləridir:


“Pulların yığılması sürücülərə havələ edildiyi üçün onlar çox vaxt yol hərəkəti qaydalarına riayət etmirlər. Təbii ki, bu da sonda ciddi fəsadlara gətirib çıxarır”.


(sonxeber)


Ekspress.az