Gilan Holdinqdən media gününə sürpriz


16.07.2019 17:35
176
Gilan Holdinqdən media gününə sürpriz

Ölkədə müxtəlif uğurlu layihələrin həyata keçirilməsinə dəstək göstərən Gilan Holdinq proaktiv və öz işini sevən KİV nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş “Breaking News! Media Weekend 2019” adlı təlim proqramı təşkil edəcək.


Holdinqdən Ekspress.az -a bildirilib ki, təlimin aparıcısı beynəlxalq media üzrə ekspert və konsultant Fil Vordman olacaq. O, “Sky Nyus”, BBC, “Tomson Röyters”, “ITV Nyus” media qurumlarında 30 ildən çox müxtəlif rəhbər vəzifələrdə çalışaraq, dünya səviyyəsində tədbirlərin planlaşdırılmasını və işıqlandırılmasını həyata keçirib. Bir çox ölkələrdə peşəkar media təlimləri keçirən Fil Vordman Gilan Holdinqin dəvəti ilə ilk dəfə Azərbaycan jurnalistləri ilə öz təcrübəsini bölüşəcək.


20 və 21 iyul tarixlərində, “Pullman” otelində baş tutacaq təlimdə dünya səviyyəsində irimiqyaslı tədbirlərin, biznes və iqtisadiyyat xəbərlərinin işıqlandırılması, məlumatların yoxlanılmasında tətbiq olunan alətlər, mediada rəqəmsal texnologiyaların istifadəsi üzrə ən son həllər müzakirə olunacaq.


Bundan əlavə, müxtəlif tipli xəbərlərin ən effektiv formada yayımlanması, həmçinin aktual hadisələr barədə daima xəbərdar olmağın sirləri və digər maraqlı yeniliklər Fil Vordmanın təqdimatında açıqlanacaq.


Tədbir barədə ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz.


Ekspress.az