“Avtomobillərə pərdə qadağası ləğv edilsin” - Çingiz Qənizadə

27.02.2019 17:05
706
“Avtomobillərə pərdə qadağası ləğv edilsin” - Çingiz Qənizadə


Milli Məclisin deputatı Çingiz Qənizadə avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib.


Ekspress.az-ın məlumatına görə, deputat bildirib ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir:


“Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Ölkəmizin qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydalarında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır. Yəni qabaq yan şüşələrdən başqa digər arxada qalan yan şüşələri sürücü istədiyi faizdə tündləşdirə bilər. Mayın 1-dən noyabrın 15-nə kimi tətbiqinə icazə verilən jalüzlər də şüşəni tündləşdirir. Hətta gecə saatlarında həmin şüşədən bayıra baxanda görünüşü məhdudlaşdırır. Əgər bu, yol hərəkəti təhlükəsizliyinə zidd olsaydı və ya qəza riskini artırsaydı deməli yayda daha çox qəza ola bilərdi. Qış aylarında arxa yan şüşələr bir çox hallarda buxarlanır və bayır hissə tamamilə görünməz hala düşür. Amma qabaq yan şüşələrin buxarını avtomobilin havalandırma sistemi ilə təmizləmək mümkün olduğu üçün sürücü həmin şüşələrdən istifadə edərək sağ və sol tərəfi rahatlıqla görə bilir.

Buna uyğun başqa misal da gətirmək olar. "Mercedes Sprinter" markalı mikroavtobusun həm sərnişin daşıma üçün, həm də yük daşıma üçün nəzərdə tutulmuş növləri var. Sərnişin daşıma üçün nəzərdə tutulan növündə hər yeri şüşə ilə təhciz edilib. Lakin yük daşıma üçün nəzərdə tutulan növündə yalnız alın şüşə və qabaq yan şüşələr mövcuddur. Digər hissələrdə şüşə olmadığı üçün bayır görünmür. Onda belə nəticəyə gəlmək olar ki, sürücünün əsas görünüş dairəsi alın şüşə və qabaq yan şüşələrdir. Digər şüşələr sürücünün görünüş dairəsinə düşmədiyi üçün həmin şüşələrin tündləşdirilməsinə icazə verilməldir”.  (avtosfer.az)


Deputat xatırladıb ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb: “Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi. Mən bu məsələni parlamentdə də gündəmə gətirəcəm. Düşünürəm ki, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarını Azərbaycanda tətbiq etmək mümkündür. Buna, Konstitusiyasımız, “Yol hərəkəti haqqında” qanun və ötən ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Yol hərəkətinin təhlükəsizliyinə dair” 2019-2023-cü illər üzrə Dövlət Proqramı da imkan verir”.