ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 5% azaldıb


13.05.2019 16:19
193
ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 5% azaldıb

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu ilin I rübü ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,2 mln. kubmetr səmt qazı verib.


Ekspress.az “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilikdə hesabat dövründə SOCAR-a 0,5 mlrd. kubmetr səmt qazı verilib.


Bu ilin I rübündə SOCAR-a verilən səmt qazının həcmi ötən ilin müvafiq dövründən 4,76% az olub.


Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.


Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.


2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb (report). Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş “Statoil”)- 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.


Ekspress.az

Açar sözlər: