Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir - İlham Əliyev

29.01.2019 21:43
287
Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir - İlham Əliyev

"Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır".


Ekspress.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.


Prezident bildirib ki, biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir: "Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi".


İlham Əliyev vurğulayıb ki, məhsuldarlığı artırmaqla istehsal edilən məhsulun miqdarını da artırmaq mümkündür. "Kənd təsərrüfatı məhsulları ilə bağlı bəzi rəqəmləri gətirmək istərdim. Misal üçün, taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200 min ton. Yəni, artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsində olan göstəricidir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir.

Bizdə buğdanın məhsuldarlığı ilə bağlı cədvəl qarşımdadır. Dörd rayon - Saatlı, Bərdə, Tərtər, Sabirabad hektardan 40 sentnerdən çox məhsul götürüb. 28 rayon 30 sentnerdən 40 sentnerə qədər. Qalan rayonlar isə 30 sentnerdən az tədarük ediblər. Bu cədvəllər İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası tərəfindən hazırlanıb, var və indi sizə veriləcək. Sahibkarlar bu cədvəllərə baxsınlar və biz də buna fikir verməliyik ki, hansı rayonlarda məhsuldarlığı necə artıra bilərik.

Məlumat üçün bildirim ki, dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir, Azərbaycanda 30, Avropa İttifaqında 53 sentnerdir. Bizdə iri fermer təsərrüfatlarında 50 sentnerdir. Biz Avropa İttifaqının səviyyəsinə çatmışıq, ancaq iri fermer təsərrüfatlarında", - deyə Prezident bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND