Kişilərin QARA SİYAHIYA saldığı hədiyyələr

08.03.2019 11:34
242
Kişilərin QARA SİYAHIYA saldığı hədiyyələr

Hər bir hədiyyə verildiyi insana müəyyən informasiya ötürür. Hədiyyəni qəbul etmək münasibətləri möhkəmləndirmək, qəbul etməmək is hörmətsizlik əlaməti hesab olunur.


Psixoloq Lalə Əhmədova Ekspress.az - a bildirib ki, biz yaxınlarımıza hədiyyə seçərkən və alarkən könüllü mübadilə təklif edirik: «İnsanlar həm daxildən hədiyyə vermək istədikləri üçün, həm də adətə görə hədiyyə verirlər. Adətə görə hər bir şəxs hədiyyə verməli, hədiyyəni qəbul etməli və cavabında hədiyyə verməlidir. Bununla da münasibətlərin stabilliyi qorunur”.

L.Əhmədova qeyd edib ki, hədiyyə verərkən qarşılığında hədiyyə və ya bizə hansısa köməyin, xidmətin olacağını gözləməsək də, hədiyyə verdiyimiz insanı özümüzə borclu edirik: “Özümüzdən asılı olmadan ondan bunun müqabilində yaxşılıq gözləyirik. Hədiyyə həmişə özündə hansısa məlumatı daşıyır. Hədiyyəni qəbul etmək münasibətləri qəbul etmək deməkdir. Bunu alan şəxs ya cavabında hədiyyə verir, ya asılılıq hiss edir. Bu cür reaksiya hədiyyə verən adamın özünəgüvən hissini artırır. İnsanlar özlərindən asılı olmadan hədiyyə verərkən emosional və prqamatik məqsədlər güdürlər. Emosional məqsədlər güddükdə sevgilərini bildirmək istədikləri, xeyirxah olduqları, qarşı tərəfin sevincini görmək üçün hədiyyə verirlər. Praqmatik məqsədlərlə hədiyyə verdikdə hakimiyyətə can atır, özünü təsdiq edir, rüşvətlə əla almaq istəyir. Çox vaxt hədiyyə verdikdə hər iki məqsəd də nəzərdə tutulur. Amma müxtəlif adamlara fərqli hədiyyələr verərkən emosional və praqmatik tərəflərin dərəcəsi dəyişəcək. Emosional və praqmatik istəklərin nə dərəcədə olmasını anlamaq üçün münasibətlərin hansı tip olduğuna fikir vermək lazımdır”.


Qədimdə insanlar hesab edirdi ki, hədiyyənin sehrli təsiri və ruhu var. Hətta hədiyyə olunan əşyanı başqasına vermək də pis əlamət sayılırdı. Bu fikirlərin real olmamasına baxmayaraq, indiyənə qədər insanların düşüncəsindən tam silinməyib. Kiçik hədiyyələr belə bizdə hədiyyə verən insan haqqında xoş emosiyalar yaradır. Kiməsə hədiyyə verəndə biz həmin adama bağlanırıq. Hədiyyə sadəcə əşya deyil. Biz hədiyyə ilə qarşı tərəfə müəyyən informasiya ötürür və münasibət qururuq. Hədiyyə kim üçünsə o qədər önəmli ola bilər ki, onun hisslərini də müsbət tərəfə dəyişdirər.


Hədiyyəyə, görə insanın necə olduğunu və münasibətlərdən nə istədiyini də anlamaq olar. Misal üçün, romantik və həssas kişilər sevdikləri xanıma yumşaq oyuncaq hədiyyə edirlər. Onlar qarşı tərəfin mehriban münasibətini, zərifliyini qiymətləndirirlər. Onlar xanımın səhvlərini asanlıqla bağışlaya bilir, pul qazanmağa və problemləri həll etməyə meylli olurlar. Yumşaq oyuncaq – ayı, pələng, dovşan, siçan və s. hədiyyə verməklə onlar demək istəyirlər ki, çox mehriban və sevgiyə layiq adamlardır. Bu cür hədiyyədən imtina etmək və “Mən uşaq deyiləm” demək düzgün deyil. Bunu etməklə yaxşı bir insanı özünüzdən uzaqlaşdıra bilərsiz.


Yumşaq toxunma yun köynək və s. geyimlər hədiyyə verən insan isə mehriban və qayğıkeşdir. Onun çox həssas qəlbi var və tez küsəyəndir. Belə hədiyyəni verməklə o, qarşıdakı insanı nə qədər sevdiyini göstərmək istəyir. Bu cür hədiyyəni qəbul etmək lazımdır. Hədiyyəni bəyənməmək, rənginin pis olduğunu demək isə hədiyyə verənin xətrinə deyə bilər.


Ətri isə üç tip kişilər hədiyyə verir. Birinci tip kişilər qadından hansı tip ətirləri sevdiyini öyrəndikdə ona həmin ətirləri hədiyyə verir. Bu hədiyyə sürpriz deyil və ciddi, qadının ehtiyaclarını nəzərə alan, başqalarının maraqlarına hörmət edən kişilər tərəfindən bağışlanılır. O, hədiyyə verdiyi xanımla uzun müddət münasibəti saxlamaq fikrindədir.

İkinci tip kişilər isə mağazaya daxil olub istənilən və ya satıcının məsləhətinə görə ətri seçib hədiyyə edir. Ya da o, mağazada ən iri və nəzərə çarpan ətir qabını seçib alır. Onlar yüngültəbiətli kişilər olur. Üstəlik ətir çox ucuzdursa, onunla uzun müddətli münasibətə ümid etmək düzgün deyil.


Üçüncü tip kişilər isə klassik ətir hədiyyə verir və anasının bu ətri bəyəndiyini deyir. Bu tip kişilər evlilik təklifini etmək istəyirlər. Lakin onların anası ilə bağlı travmaları var, bu da şəxsi münasibətlərdə özünü göstərə bilər.


Qadınlarsa, kişilərə qılınc, səyahət üçün çanta, fonar, ekstremal şəraitdə sağ qalmaq üçün xüsusi alətlər, sadalananlardan antik əşyalar, bahalı içkilər hədiyyə verə bilərlər.


Lakin elə şeylər var ki, kişilər onları hədiyyə alanda əsəbləşirlər. Kişilərin qara siyahıya saldığı hədiyyələrə balaca heyvan fiqurları, bürcləri simvolizə edən fiqurlar, heykəllər – kiçik ölçülü bir sıra şeylər, əksər hallarda şəkil ramkaları, fotoalbom, dekorativ qablar, dəfətərxana ləvazimatları, kalendar, məzəli hədiyyələr aiddir. Kişilər “daha çox qazan”, “daha uğurlu ol” mənalarını daşıyan hədiyyələrdən də psixoloji travma alırlar. Məsələn, sevdiyi maşının miniatür formasını hədiyyə verməklə onun hisslərinə toxuna bilərsiz. Səyahət etdiyiniz ölkələrdən suvenirlər gətirib hədiyyə verməyiniz də onun xoşuna gəlməyə bilər.


Elə hədiyyələr var ki, inanclara görə o, hədiyyələri vermək olmaz. Misal üçün, saat, foto, dəsmal və sarı güllər ayrılığa işarədir.


Məmmədova Aynurə

Ekspress.az

 

  • SON XƏBƏR
  • TREND