İctimai Televiziya 14 yaşını qeyd edir


29.08.2019 14:41
155
İctimai Televiziya 14 yaşını qeyd edir

Bu gün İctimai Televiziyanın (İTV) fəaliyyətə başlamasının 14 ili tamam olur.


Ekspress.az xəbər verir ki, Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzaladı. Yalnız beynəlxalq standartlara uyğun bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına yaşıl işıq yandırıldı. Bu demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Prezidenti İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini basmaqla ölkədə İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara isə Azərbaycan dövlətinin seçdiyi demokratik inkişaf yoluna, fikir plüralizminə, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqlədi.


Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.

İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır.


İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.


İctimai Televiziya Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın bu başlıca prinsipini rəhbər tutaraq fəaliyyət göstərir, Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli – ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdür.


Avropa Yayım İttifaqının üzvü olan telekanalın verilişləri bütün Azərbaycan ərazisində yayımlanır, 24 saat ərzində Azərbaycan dilində aparılır.


Hazırda İctimai Televiziyanın baş direktoru Balakişi Qasımovdur. O, bu vəzifəni 2018-ci il mayın 11-dən icra edir. (oxu)


Ekspress.az

Açar sözlər: