Azərbaycan zirehli texnika istehsal edəcək


19.06.2019 15:17
118
Azərbaycan zirehli texnika istehsal edəcək

Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən “Paris Air Show-2019” sərgisi başlayıb.


Ekspress.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, hərbi təyinatlı aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri olan bu tədbirdə Azərbaycan da təmsil olunur.


Sərgi çərçivəsində nazirin müşaviri Fərrux Vəzirov Fransanın “Nexter”, “Thales”, “CS Communication”, “Lacroix” və Türkiyənin “TAİ” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib.


“Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib.


“Thales” şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib. Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə edilib.


Səfər çərçivəsində İtaliyanın “Leonardo” şirkətinin nümayəndələri ilə də görüş olub. Görüşdə iyunun əvvəlində şirkət rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyində birgə layihələrlə bağlı aparılan danışıqlar davam etdirilib. Bunlarla yanaşı, Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan “Airbus” ilə də danışıqlar aparılıb və aerokosmik sahədə layihələrin icra edilməsi ilə bağlı razılıq əldə edilib. Növbəti mərhələlərdə danışıqların hər iki tərəfin ekspertlərinin iştirakı ilə Azərbaycanda aparılmasına dair razılıq əldə edilib.


Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.


Görüşlərdə Fərrux Vəzirovu Fransanın Azərbaycandakı hərbi attaşesi, polkovnik-leytenant Danny Pith müşayiət edib.


“Paris Air Show-2019” sərgisi işini iyunun 23-dək davam etdirəcək.


Ekspress.az