Neftlə bağlı bədbin proqnoz - İqtisadçı


19.06.2019 10:14
129
Neftlə bağlı bədbin proqnoz - İqtisadçı

OPEK-in neft hasilatını azaltması heç bir əhəmiyyət kəsb etməyəcək.


Ekspress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli OPEK-in üzv ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmanın müddətini uzatması barədə ilkin qərarına münasibət bildirərkən deyib. O qeyd edib ki, yaxın bir ildə neftin qiymətində ucuzlaşma gözlənilir:


“OPEK 2017-ci ildən sonra ölkələrin neft hasilatının azaldılması üzrə müqavilə bağlayıb. Bu da 2017-ci ildən neftin qiymətinin artmasına səbəb oldu. Hətta qiymətlər 40 dollardan 86 dollara qədər artdı. Düzdür, burada artıma geosiyasi və hərbi gərginliklər də səbəb oldu. Lakin OPEK-in hasilatı azaltması neftin qiymətinin sabitləşməsində əsas faktor oldu. Amma artıq OPEK-in təsir dairəsi və imkanları getdikcə azalır. Çünki daim hasilatı azaltmaq yolu ilə neftin qiymətini sabit saxlamaq mümkün deyil. Ona görə ki, OPEK-ə üzv olan ölkələrin hasilatı azaltması üzv olmayan digər ölkələrin hasilatını artırmasına səbəb olur. ABŞ və Kanadada hasilat son 3 ildə kəskin artıb. 2016-cı ildə OPEK və Rusiya ilə hasilatın azaldılması ilə bağlı danışıqlar başlayanda ABŞ-ın hasilatı cəmi günə 8.6 milyon barrel idi. Bu gün isə gündəlik hasilatı 12.5 milyon barrelə çatıb. Göründüyü kimi, çox qısa müddətdə ABŞ-ın hasilatında 4 milyon barrel artım olub. Buna görə də OPEK ölkələri özləri də başa düşür ki, daim belə hasilat azaltmaqla neftin qiymətinə təsir edə bilməyəcəklər. Dünyada neft qiymətləri ancaq iqtisadı faktorlar qaydasında olanda dayanaqlı olur”.


Ekspert bu gün dünyada gedən ticarət müharibələrinin neftin qiymətinə təsir etdiyini bildirib:

“Bu gün dünyada gedən iqtisadi böhranlar neftin ucuzlaşmasına səbəb olur. Böyük ölkələr arasında gedən ticarət müharibələri dünya iqtisadiyyatını zəiflədir və dövriyyəni azaldır. Burda böyük bir bağlantı var. Çünki dünya ticarəti zəiflədikcə neftə tələbat da azalır”.


Ekspert neftin qiymətinin gələcəkdə kəskin ucuzlaşa biləcəyini istisna etməyib:

“Yaxın gələcəkdə İran, Liviya və Venesuela ilə bağlı problemlər həll olunsa, qarşıdakı 1 ildə bazara əlavə 8 milyon barrel neft daxil olacaq. Çünki indi həmin ölkələrin neftindən cəmi 15-20 faiz istifadə olunur. Sanksiyalar aradan qalxdıqdan sonra təbii ki, həmin ölkələrin bazara ixracı da artacaq. Hesab edirəm ki, neftin qiyməti kəskin ucuzlaşaraq təxminən 40-45 dollara qədər enəcək”.


Qeyd edək ki, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii sərvətlər naziri Xalid Əbdüləziz əl-Falih OPEK-ə (Neft ixrac edən ölkələrin təşkilatı) üzv dövlətlərin nümayəndələrinin iyul ayının əvvəlində görüşünün baş tutacağını bildirib. Falih görüşdə ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmanı uzatmaq üçün razılıq əldə edə biləcəklərinə ümid etdiyi bildirib (axar.az).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND