"Rəsulzadənin daşı o adamların təpəsinə düşsün" - Vahid Əhmədov

06.02.2019 16:40
227
"Rəsulzadənin daşı o adamların təpəsinə düşsün" - Vahid Əhmədov

"Mən Məhəmməd Əmin Rəsulzadənin Moskvada yubileyinin keçirilməsinin əngəllənməsi xəbərindən çox peşman oldum. Əgər iddialar doğrudursa və Cümhuriyyətimizin banisinin ruhunu narahat edənlər bu millətin nümayəndələrindəndirsə, onlara yazıqlar olsun".


Ekspress.az xəbər verir ki, bu fikriləri Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyinin Moskvada keçirilməsinin əngəllənməsinə münasibət bildirərkən deyib.


Deputat M.Ə.Rəsulzadəyə qarşı hörmətsizlik edənlərin ifşa olunmasını istəyib. "Nahaq yerə deyilmir ki, o KİŞİnin daşı çox ağırdır, amma o daş o adamların təpəsinə düşməlidir və düşür ki, onun bu millət üçün etdiklərini anlamırlar, sağlığında qoymət verilməsə də, heç olmasa ölümündən 65 il sonra qədrini-qiymətini dərk etmirlər. Bu, gerizəkalılıqdır və milli mənsubiyyətini danmaqdır. Amma Rəsulzadə elə bir günəşdir ki, qarşısından min illər boyu hansı səmtdən gələn qara buludlar keçsə belə, onun hərarətini, şəfəqlərini örtmək kimsəyə nəsib olan deyil. Hesab edirəm ki, rəsmi qurumlar tərəfindən də məsələ araşdırılmalıdır və Moskvada baş verənlərdə kimlərin müdaxiləsi olduğu üzə çıxarılmalıdır. Nəzərə almaq lazımdır ki, cənab prezident İlham Əliyev Cümhuriyyətimizə və onun qurucularına dərin hörmət və ehtiram bəslədiyini verdiyi sərəncamlarla ifadə edib və əlaqədar qurumların da borcudur ki, Rəsulzadəyə qarşı bu hörmətsizliyi ifşa etsinlər", - deyəV.Əhmədov bildirib (moderator.az).


Qeyd edək ki, Cümhuriyyətimizin qurucusunun anadan olmasının 135 illiyinin Moskvada keçirilməsinin əngəllənməsi və Rusiya Prezident Administrasiyasının "President" otelində və ardından "Aerostar" otelində keçirilməsi barədə adıçəkilən otelin rəhbərliyi ilə rəsmi müqavilə imzalanmasına baxmayaraq son anda heç bir səbəb göstərilmədən bundan imtina edilib. Ehtimal edilir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin müdaxiləsindən sonra sözügedən otellər bu addımı atıblar.

  • SON XƏBƏR
  • TREND