KTN - Yarmarkaların məqsədi süni qiymət artımının qarşısını almaqdır


09.03.2019 10:00
132
KTN - Yarmarkaların məqsədi süni qiymət artımının qarşısını almaqdır

"Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtın 14 ünvanında keçirilir. Yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin, yerli rayon icra hakimiyyəti strukturlarının və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunur".


Ekspress.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev deyib.


Onun sözlərinə görə, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: "Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda iştirak etmək istəyən fermerlərin məhsullarının paytaxta çatdırılmasında nəqliyyat baxımından kömək edir. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxarır. Apardığımız müşahidələr göstərir ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır" (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND