Deputatlar Yeni ili harada qeyd edəcək?

31.12.2018 19:24
393
Deputatlar Yeni ili harada qeyd edəcək?

Artıq daha bir ilmiz tarixə qovuşur.

2018-ci ili arxada qoyub, 2019-cu ilə qədəm qoyuruq.

Hər il olduğu kimi, bu il də təbii ki, dekabrın 31-i ölkəmizdə elliklə həm Yeni il bayramı, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.

31 dekabr gecəsində hər bir ailədə bayram süfrəsi açılacaq, təbriklər qəbul ediləcək.

Bəs görəsən, siyasilər, millət vəkilləri 31 dekabrı harada, kimlərlə və necə qeyd etməyi düşünürlər?

Ekspress.az  bununla bağlı bir neçə millət vəkilinin fikirlərini oxuculara təqdim edir:


Hadi Rəcəbli: Ruhum bir az da təzələnəcək

hadi-yeni-il

“Mən hər il olduğu kimi, bu il də bayramları doğma Lənkəranda keçirəcəyəm. Seçicilərimlə görüşəcəyəm. Şəhid ailələrinə baş çəkmək fikrim var. Bütün bunların nəticəsi o olacaq ki, mənim ruhum bir az da təzələnəcək. Doğma torpağa ayağım dəyəndə bir az da güclü olacağam. Ona görə Lənkəranda keçirəcəyəm bayramları”.


Jalə Əliyeva: Yeni il hər kəsə huzurlu gəlsin, düşərli olsun

STAD-14

“Yeni ili Bakıda, ailə üzvlərimlə, qızımla, kürəkənimlə, sevimli, əziz, şirindən-şirin nəvələrimlə birlikdə qeyd edəcəyəm. Bu, mənim üçün elə ən gözəl bayram və ən böyük xoşbəxtlikdir.

Fürsətdən də istifadə edib, ölkə Prezidenti cənab İlham Əliyev və birinci ledimiz Mehriban xanım Əliyeva başda olmaqla, xalqımızı, dünya azərbaycanlılarını, Azərbaycan türklərini Yeni il və Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edir, hər kəsə can sağlığı, firavanlıq, sevinc, səadət, bol ruzi-bərəkət, dinclik, əmin-amanlıq arzu edirəm.

Arxada qoyduğumuz 2018-ci il xalqımız üçün çox əlamətdar bir il oldu. Bu il ilk müstəqil dövlətimizin yaranmasının, o cümlədən, Azərbaycan Ordusu və Parlamentinin, həmçinin, Bakımızın işğaldan azad edilməsinin 100 ili tamam oldu. İlin əvvəlində 2018-ci il “Cümhuriyyət İli” elan edildi və bu əsnada çox möhtəşəm, tarixi yubiley tədbirləri düzənləndi. Belə demək mümkünsə, 2018-ci il xalqımızın tarixinə qızıl hərflərlə həkk olundu.

Bu baxımdan arzu edirəm ki, 2019-cu il də əlamətdar, tarixi hadisələrlə yadda qalsın, ən əsası Qarabağ itkimizə son qoyulsun, torpaqlarımız işğaldan qurtulsun. Bir sözlə, gələn il huzurlu gəlsin və düşərli olsun. Amin!”. 


Aydın Mirzəzadə: Yeni ili Bakıda, ailəmlə birlikdə qeyd edəcəyəm

aydinnn

“Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Bakıda, ailəmlə birlikdə keçirəcəyəm. Parlamentin qış tətilindən istifadə edib, yanvarın 10-15 arası isə Mingəçevirdə seçicilərin qəbulunu keçirmək fikrindəyəm”.


Sahib Alıyev: Bütün yeni illəri evimdə oluram

sahib_aliyev_054

“İndiyə qədər demək olar ki, mən bütün yeni illəri evimdə oluram, yəqin ki, bu il də istisna təşkil etməyəcək. Yeni ili Bakıda, evimdə qeyd edəcəyəm”.


Eldəniz Səlimov: Arzum odur ki, 2019-cu il Qarabağlı Azərbaycan kimi tarixə düşsün

eldeniz-yeni il

“Yeni ili və Həmrəylik gününü yenə doğma Xaçmaz rayonunda, valideynlərimlə, ailəmlə , seçicilərimlə birlikdə keçirəcəyəm. Hər il belə olub, bu il də belə olacaq. Hesab edirəm ki, Yeni ili öz dogma bölgəndə, ailənlə, əzizlərinlə keçirməkdən, qeyd etməkdən də gözəl heç nə ola bilməz. Fürsətdən də istifadə hər bir kəsin, bütün dünya azərbaycanlılarının, Azərbaycan türklərinin həm Yeni ilini, həm də çox əziz Həmrəylik gününü təbrik edirəm, onlara xoşbəxtlik, səadət, sakitlik, əmin-amanlıq arzulayıram. Həm də arzu edirəm ki, bu, bizim Qarabağsız sonuncu ilimiz olsun. 2019-cu il Qarabağlı Azərbaycan kimi tarixə düşsün. İnsanlarımızın torpaq, vətən, Qarabağ həsrətinə, göz yaşlarına, acılarına birdəfəlik son qoyulsun. Hər kəs Yeni ilini öz elində, öz obasında, öz ocağının başında qeyd etsin. İnanıram ki, inşallah, belə olacaq”.


Naqif Həmzəyev: Yeni ili Gəncədə keçirəcəyəm

naqif-1

“Mən də Yeni ili ailəm və doğmalarımla dogma Gəncə şəhərində keçirəcəm. Həmçinin, şəhərdə keçiriləcək bayram tədbirlərinə qatılacam”.


Sevinc Fətəliyeva: Evimdə, ailəmlə birlikdə Yeni ili qarşılayacağıq

sevinccccccc

“Yeni il bu il də ənanəvi olaraq evdə, ailəmlə birlikdə qarşılayacam. Hər kəsin də, bütövlükdə xalqımızın da Yeni ili və Həmrəylik günü mübarək olsun!”.


Azər Badamov: Şahdağda xizək sürməyi nəzərdə tuturam

azer badam-1

“Qusar turizm rayonu kimi hamı tərəfindən sevilir. Ayın 15-dən sonra Şahdağ turizm kompleksində də qış mövsümünə start verilir. Rayonun bütün otelləri turistlər tərəfindən indidən sifariş olunub. Demək olar ki, bayramlarda boş yerlər qalmayıb. Belə gözəl bölgəni təmsil etdiyimdən Yeni İl bayramını da təbii ki, ailəmlə bir yerdə Qusar rayonunda keçirməyi planlaşdırırıq. Bayramda fürsətdən istifadə edərək seçicilərimin arasında olacağam, həm də Şahdağda xizək sürməyi nəzərdə tuturam”.


Sona Əliyeva: Ölkədən kənara çıxa bilmirik

sonya-alieva-suleymanova

“Mən bayramı ailəmlə birgə Azərbaycanda keçirəcəm. Hazırda qızım ali məktəbə hazırlaşır. Ona görə ölkədən kənara çıxa bilmirik”.


Tahir Rzayev: Həm Bakıda, həm dogma Ağcabədidə olacağam

tahirrr

“Əvvəla, hər kəsi Yeni il və Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Azru edirəm ki, Yeni il xalqımıza, dövlətimizə düşərli, uğurlu olsun, torpaqlarımız işğaldan qurtulsun, qaçqın-köçkünlərimiz öz yurd yerlərinə dönsün. İkincisi, bu il də Yeni ili ailəmlə, övladlarımla, nəvələrimlə birlikdə qeyd edəcəm. Həm Bakıda, həm də dogma Ağcabədidə olacağam”.


Hüseynbala Mirələmov: Yeni ili öz ailənlə, öz doğmanlarınla keçirməyin ayrı ləzzəti, ayrı gözəlliyi var

huseynnnnnn

“Yeni ildə Bakıda olmağı düşünürəm. Bu il də Yeni ili evimdə, ailəmlə birlikdə qeyd edəcəyəm. Yeni ili öz ailənlə, öz doğmanlarınla keçirməyin ayrı ləzzəti, ayrı gözəlliyi var. Bu, sözlə ifadə oluna bilməz”.


Fazil Mustafa: Adi günlərdən biri kimi yaşayacağam

fazil-mustafa-2

“Həmişəki kimi Bakıda, evimdə olacam. Xüsusi olaraq qeyd etməyəcəyəm, adi günlərdən biri kimi yaşayacağam. Əlbəttə, Allah izin versə!”

 

Gövhər Baxşəliyeva: Bayram günləri yazı-pozularımla məşğul olacağam

GEVHAR-2

“Yeni ili ölkədə ailəmlə birlikdə keçirəcəyəm. Bayram günləri isə yazı-pozularımla məşğul olacağam, yarımçıq işlərimi çalışacağam tamamlayım. “Qələmə söz vərəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham. Yazaydım səhər-axşam” (M.Müşfiq).

Planlar çoxdur, materiallar çox, neçə-neçə əsər yazmaq olar, amma təəssüf ki, vaxt azdır, çatdırmaq olmur. Cox istərdim ki, nə vaxtsa bu işlərimi başa çatdırım. Gec-tez biz gedəsiyik, qalan yazılarımız olacaq”.


Pərvin Kərimzadə: Bayramları ailəmlə evimizdə keçirməyi üstün tuturam

parvinnnnnn

“Yeni ili hər zaman ənənəvi olaraq evimizdə,ailəmlə qeyd edirəm.Ümumiyyətlə, bayramları ailəmlə evimizdə keçirməyi hər zaman üstün tuturam.Bayramdan sonra da yenə də Gəncədə olacağam, görüşlərimiz olacaq”.


Zahid Oruc: Yeni ili Böyük Britaniyada qarşılayacam

zahid-1

“Mən hazırda Böyük Britaniyadayam. Odur ki, Yeni ili orada qarşılamalı və qeyd etməli olacağam. Bayramdan sonra isə tətil günlərində yenidən doğma Bərdədə seçicilərimlə görüşəcəm, onlarla bir arada olacağam”.


Elmira Axundova: Yeni ildə heç yerə çıxmayacağam


“Yeni ildə heç yerə çıxmayacağam, heç yerə getməyəcəyəm. Evimdə olacağam. Yeni ili və Həmrəylik gününü övladlarımla, nəvələrimlə birlikdə qeyd edəcəyəm”.

Açar sözlər: