“Qarabağ” bu gün “Linfild”lə qarşılaşacaq - AFİŞA

22.08.2019 09:00
107
“Qarabağ” bu gün “Linfild”lə qarşılaşacaq - AFİŞA

“Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.


Ekspress.az xəbər verir ki, Çempionlar Liqasının (ÇL) III təsnifatında mübarizəni dayandırdığı üçün yoluna Avropa Liqasında davam edən Ağdam təmsilçisi pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Linfild”in qonağı olacaq. Şimali İrlandiyanın paytaxtı Belfastdakı “Vindzor Park” stadionundan keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇL-in I raundunda Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada gerçəkləşmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları “Qarabağ”ı növbəti mərhələyə daşıyıb – 2:0.



Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasında güclü olub. “Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı Mahir Emreli açsa da, Patrik Hoban bərabərlik topunu vurub. “Dalğa Arena”da keçirilən cavab matçı isə Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” Xayme Romeronun dublu və Ailton Silvanın vurduğu qolla rəqibini darmadağın edib.


“Qarabağ” III təsnifatın Kiprdə baş tutan ilk oyununda Mahir Emreli və Maqaye Qeyenin qolları ilə 2:1 qalib gəlib. Ancaq Ağdam komandası Bakıda 2 cavabsız topla uduzaraq, qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və Avropa Liqasına düşüb.


Mübarizəyə Avropa Liqasının II təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer adalarının “Torshavn” komandasından güclü olub - 2:2, 1:0. Bu iki matçda Şimali İrlandiya təmsilçisinin qollarını forvard Endryu Uoteruort vurub.


“Linfild” III raundun ilk oyununda “Sutyeska”nı Monteneqroda yarımmüdafiəçi Kirk Milların qolları ilə üstələyib – 2:1. Evdə isə müdafiəçilər - Mark Staffordla Metyu Klarkın və yarımmüdafiəçi Şeyn Leyverin qolları komandanın 3:2 hesablı qələbəsini təmin edib.



“Qarabağ” “Linfild”lə oyuna itkilərlə çıxacaq. APOEL-i ev oyununda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda cəzalı duruma düşüblər.


Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin də zədə üzündən meydana çıxmayacaqları dəqiqdir. Üstəlik, cinah müdafiəçiləri – Maksim Medvedevlə Ailton Silva Premyer Liqanın I turunda “Keşlə” ilə matçda zədələniblər. Dayaq yarımmüdafiəçisi Simeon Slavçev isə məşqdə xəsarət alıb. Bu üç futbolçunun meydana çıxması sual altındadır.


Qeyd edək ki, Şimali İrlandiyada baş tutacaq matç “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun


22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)


Baş hakim: Sandro Şerer

Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zoqay

Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)

Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)

UEFA nümayəndəsi: Mixael Zaltser (İsveç)

Belfast, “Vindzor Park” stadionu (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND