Bakı-2019: Medallar təqdim olunub


06.05.2019 17:25
318
Bakı-2019: Medallar təqdim olunub

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının medallarının təqdimat mərasimi baş tutub.


Ekspress.az -ın məlumatına görə, mükafatların ön tərəfinin mərkəzində Bakı-2019-un loqotipi təsvir edilib.


Mükafatların dizaynı Bakının irs və mədəniyyətini, eləcə də dostluq və birlik konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır. Medalların ön hissəsi od, Azərbaycan paytaxtının möhtəşəm memarlıq abidələrindən olan Alov Qüllələri və Heydər Əliyev Mərkəzinin özündə əks etdirir. Medalın digər üzündə Avropa Olimpiya Komitələrinin emblemi əksini tapıb.


Bakı-2019 Avropa Gənclər Yay Festivalı üçün mükafatlar “Azərsuvenir” MMC tərəfindən Əməliyyat Komitəsinin dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb (ONA). 

Yarışda 135 mükafatlandırma mərasimi keçiriləcək. İdmançılar 298 dəst medal uğrunda yarışacaq.


Təqdim olunan medalların dizaynı barədə danışan Azərbaycan gənclər və idman naziri Azad Rəhimov vurğulayıb ki, oyunların başlamasına qısa vaxt qaldığı dövrdə medalların təqdimatı çox önəmlidir: “Medallar baş tutacaq festivalın üç vacib dəyərini özündə əks etdirir – yenilik, keyfiyyət və şəffaflıq”.


Qeyd edək ki, 48 ölkənin qatılacağı yarış iyulun 21-28-də olacaq. Festivalda 10 idman növü üzrə medallar öz sahibini tapacaq.


Ekspress.az