“Çelsi” Bakıda “Arsenal”ı darmadağın etdi


30.05.2019 09:18
180
“Çelsi” Bakıda “Arsenal”ı darmadağın etdi

UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.


Ekspress.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin son oyunu Bakıda baş tutub. 

Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu İngiltərə təmsilçiləri “Çelsi” və “Arsenal” arasında matçı qəbul edib. 


İngiltərə Premyer Liqasında 3-cü olan “Çelsi” Çempionlar Liqasına vəsiqə qazanmaq vəzifəsini öncədən həll etdiyindən qarşılaşmada titul üçün mübarizə aparıb. “Arsenal” isə həm mükafat, həm də qitənin ən nüfuzlu klub turnirinə qayıtmaq imkanından yararlanmağa çalışıb.


Görüş isə "zadəganlar"ın inamlı qələbəsi ilə başa çatıb. İlk hissədə hesab açılmasa da, ikinci 45 dəqiqədə qapılara 5 qol vurulub. 


Matçda ilk qola 49-cu dəqiqədə Oliviye Jiru imza atıb. O, Emerson Palmierinin ötürməsindən sonra fərqlənib. 11 dəqiqə sonra "Çelsi" fərqi 2 topa çatdırıb. Bu dəfə Pedro Rodriqes rəqibi mərkəzə dəvət edib. Komanda yoldaşına məhsuldar ötürmə verən Azar ardınca penaltidən özü fərqlənib. 


Bundan sonra "Arsenal" özündə güc taparaq fərqi azaldıb. Aleks İvobi baxımlı qolla azarkeşlərin alqışını qazanıb. Lakin "topçular"ın bundan artığına gücü çatmayıb. "Çelsi" 72-ci dəqiqədə Azarla 4-cü qolu vurub. 


Bu, matçda sonuncu qol olub. Nəticədə “Çelsi” mövsümü titulla başa vurub. “Zadəganlar” tarixində 2-ci dəfə Avropa Liqasının kubokuna sahib olublar.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND