Vaşinqton görüşü: İrəvanın baş tutmayan ikinci Qarabağ cəhdi - Təhlil

21.06.2019 18:13
85
Vaşinqton görüşü: İrəvanın baş tutmayan ikinci Qarabağ cəhdi - Təhlil

Xarici işlər nazirlərinin Vaşinqton görüşü başa çatdı və rəsmi bəyanatlar görüşün müsbət xarakter daşıdığına dairdir. Hərçənd, bunu XİN rəhbərlərinin arasında keçirilən sıradan görüşlərdən biri hesab etmək olardı, əgər təşəbbüs ABŞ-dan gəlməsəydi və görüş yeri kimi Vaşinqton seçilməsəydi, həmçinin, nazirləri ABŞ-ın geosiyasi planlarında aparıcı fiqur olan prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton qarşılamasaydı, görüşə təxminən 10 gün qalmış Ermənistan cəbhədə gərginliyi artıran təxribatlara əl atmasaydı, görüşdən bir gün öncə Nikol Paşinyan “müharibə bitməyib” bəyanatını verməsəydi.


Qarabağ masasında ABŞ-Rusiya toqquşması?!: Görüş təşəbbüsü ABŞ-dan gəlmişdi və bu, ilk növbədə münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində Vaşinqton-Moskva qarşıdurmasının təzahürü olaraq görünür. Münaqişədə təşəbbüs daha çox Rusiyanın əlində olub, xüsusilə Obama Administrasiyasının Cənubi Qafqaza az maraq göstərməsi rusların bölgədə əlini gücləndirirdi. Lakin Tramp Administrasiyası sələfindən fərqli olaraq regionda aktivləşməkdə maraqlı tərəf kimi çıxış edir, xüsusilə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ABŞ-ın Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq niyyəti daha açıq görünür.


Azərbaycan lideri ilə Ermənistanın baş naziri ötən il sentyabrında Düşənbədə MDB dövlət başçılarının sammiti çərçivəsində qısa müzakirə apardı. Bu, Rusiyanın təşəbbüsü ilə baş tutmuş görüş idi və nəticə etibarilə tərəflər təmas xəttində sabitliyin təmin edilməsi haqqında razılaşdılar. Ardınca liderlər 2019-cu ilin 22 yanvarında Davos İqtisadi Forumu çərçivəsində bir araya gəldilər. Bu da ABŞ-ın cavab gedişi idi.


Lakin bu görüşlər qeyri-rəsmi xarakter daşıyırdı. İlk rəsmi görüş isə 29 mayda Vyanada baş tutdu. Vyana görüşünün təşkilində ABŞ-ın rolu daha çox nəzərə çarpır, bundan dərhal sonra Rusiyanın XİN rəhbərləri səviyyəsində görüş təşkil etməsi də bu fikri gücləndirir. Aprelin 15-də Rusiyanın baş diplomatı Sergey Lavrov Moskvada həmsədrlərin də iştirakı ilə nazirlərin görüşünü təşkil etdi. Moskva görüşündən bir neçə gün sonra ABŞ dövlət katibi Mayk Pompeonun nazirlərin Vaşinqton görüşünün təşkili ilə bağlı təklif irəli sürdüyü gündəmə gəldi.


Münaqişə ətrafındakı bu diplomatik trafik ABŞ və Rusiyanın prosesə nəzarət etmək istəyindən irəli gəlir və hər iki tərəfin Qarabağla bağlı öz planları var. Hər iki tərəfin təklifləri münaqişənin həllində baza olaraq qəbul edilən “Madrid prinsipləri”ndən kənara çıxmır, lakin əsas məqam tərəflərin irəli sürdükləri təklifdə öz maraqlarının nədən ibarət olmasıdır.


Rusların təklifi: Mediada “Lavrov planı” olaraq tanınan bu təkliflər münaqişənin mərhələli həllini özündə ehtiva edir. İlkin mərhələdə 5 rayon qaytarılır, qaçqınlar boşaldılan rayonlara qayıdır, sonra 2 rayonun taleyi həll olunur, ən sonda Qarabağın statusu məsələsi müzakirə edilir. Lakin Rusiyanın əsas istəyinin Qarabağa sülhməramlı adı altında qoşun yeritmək olduğu da məlumdur və bu, Azərbaycanın maraqlarına uyğun deyil.


Amerikalıların təklifi: Vaxtilə mövcud olan “Qobl planı”nı nəzərə almasaq, Vaşinqtonun münaqişənin həllinə dair konkret təklifinin məhz indi mövcud olduğunu deyə bilərik. Mediada “Bolton planı” adlandırılan bu təkliflər adından da göründüyü kimi “Lavrov planı”na qarşıdır və özündə “ərazilər əvəzinə sülh” prinsipini ehtiva edir.


Qarabağa heç bir status verilmir və işğal edilmiş ərazilər tam şəkildə Azərbaycanın tərkibinə qaytarılır, əvəzində Bakı Ermənistanın regional layihələrə qoşulmasına “yaşıl işıq” yandırır, Türkiyə ilə sərhədlər açılır.


Vaşinqtonun bunu istədiyinə dair informasiyalar var və ABŞ-ın burada əsas marağı Rusiyanı regiondan çıxarmaq, Ermənistanı Moskvanın hərbi və iqtisadi asılılığından xilas etmək, xüsusilə enerji layihələrinin təhlükəsizliyini təmin etmək və bölgədən İrana qarşı gələcək addımlarında platforma kimi istifadə etməkdir.


ABŞ məsələlərə kompleks olaraq yanaşır və burada Azərbaycanın maraqlarının təmin edilməsi perspektivi aydın görünür. Hərçənd, buna nail olub-olmayacağını sonrakı proseslər müəyyənləşdirəcək. Lakin Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ötən il oktyabrında regiona səfəri zamanı gündəmə gələn “Bolton planı”na qarşı rusların “5 rayon” məsələsini gündəmə gətirməsi, Rusiya mediası və ekspertlərinin bu tezisi sürəkli müzakirə etməsi də Qarabağ münaqişəsi ətrafında maraqların toqquşmasının nəticəsi idi. (Oxu: Vyanada Qarabağ görüşü: bütün yollar müharibəyə aparır).


Bolton İrəvanda olarkən dilə gətirdiyi “İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq” sözləri ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyini qətiləşdirdiyini deməyə əsas verirdi. Və belə görünür ki, ABŞ münaqişədən regiona təsir aləti kimi istifadə etmək məqsədi güdmür, əsas hədəfi regionda geosiyasi maraqlarına zidd olan problemləri həll etmək və İrana gedən yolda mümkün maneələri aradan qaldırmaqdır. Trampın regiona enerji daşıyıcıları və İran məsələsində sərt mövqeyilə tanınan Boltonu göndərməsi də bu kontekstdə təsadüfi deyildi.


Vaşinqtonda nazirləri görüşün təşəbbüskarı kimi çıxış edən dövlət katibi Mayk Pompeonun deyil, Con Boltonun qarşılaması isə Qarabağ münaqişəsinə dair “Bolton planı”nın mövcudluğu fikrini bir daha gücləndirdi. Və açıq mənbələrdəki informasiyalar ABŞ-ın təkliflərinin Azərbaycanın maraqlarına uyğun gəldiyini deməyə əsas verir. Moskva görüşündən bir neçə gün sonra xarici işlər naziri Elmar Məmmədyarovun “Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi.


Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir”deyərək, Vaşinqton görüşü haqqında ilk informasiya verən tərəf olması, Ermənistanın isə görüşlə bağlı susqunluq nümayiş etdirməsi də ABŞ-ın planının işğalçının maraqlarına uyğun gəlmədiyi ehtimalını gücləndirirdi. Və işğalçı ölkə Vaşinqton görüşünə hazırlaşmaq üçün silahları işə saldı.


Ermənistanın Vaşinqton görüşünə hazırladığı plan: görüşdən öncə cəbhədə erməni təxribatı gücləndi. 30 mayda Azərbaycan zabiti erməni snayperi ilə açılan atəş nəticəsində şəhid oldu. İyunun 9-da daha bir şəhid verdik. İyunun 12-də erməni hərbi birləşmələri Füzuli istiqamətində təlim uçuşları keçirən Azərbaycanın aviasiya vasitələrinə uğursuz hücum etdi. İyunun 18-də işğal edilmiş Dağlıq Qarabağda erməni hərbi birləşmələri 10 min əsgərin iştirakı ilə təlimlərə başladı. İyunun 19-da – görüşdən bir gün öncə Nikol Paşinyan “müharibə bitməyib” açıqlaması verdi.


Bütün bu hərbi addımlar Ermənistanın Vaşinqton görüşünə hazırlığı idi. Ana hədəf məlumdur: danışıqları pozmaq, mövcud status-kvonu uzatmaq. Cari plan isə Vaşinqton görüşündə Ermənistanın irəli sürəcəyi məsələyə əsasın yaradılması idi. Bu, “atəşkəsə nəzarət mexanizmi”dir. Görüşün detalları açıqlanmır, lakin proseslərin inkişafı Ermənistan tərəfinin Vaşinqtonda məhz bu məsələni yenidən gündəmə gətirdiyini deməyə əsas verir. Görüşdən öncə Ermənistan mediasının Vyana razılaşmasını (söhbət 2016-cı ilin 16 may tarixində keçirilən görüşdən gedir – red.) gündəmə gətirməsi də bu planın bir parçası idi.


“Atəşkəsə nəzarət mexanizmi” münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması, silahsızlaşdırma, qoşunların hərəkətlərinin izlənilməsi, atəşkəs rejiminin pozulması hadisələrinin araşdırılması, bunun üçün regiona xüsusi “lokatorlar”ın yerləşdirilməsi kimi məsələləri əhatə edir. Atəşkəsi pozan tərəflər üçün sərt cəzalar, iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. “Roys-Engel ideyası” adlanan bu təklif konqresmenlər Ed Roys və Eliot Engelə məxsusdur. Hər iki şəxs açıq şəkildə erməni lobbisi şəbəkəsində təmsil olunurlar. Ed Roys ABŞ-da Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən yaradılan Ermənistana dəstək qrupunun həmsədridir, Eliot Engelin isə Roysla birgə qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində fəal çalışmasına dair açıq faktlar var (qafqazinfo.az).


Bu ideya Obama dövründə gündəmə gəlmişdi. ABŞ-ın hədəfi bununla Rusiyanın regiona sülhməramlı yerləşdirmək planına alternativ qoymaq, Ermənistanın hədəfi isə təmas xəttində nəzarəti təmin etməklə “müharibə variantını” sıradan çıxarmaq və status-kvonu uzatmaq idi. “Aprel müharibəsi”ndən sonra – 2016-cı ilin 16 may tarixində keçirilən Vyana görüşündə bu məsələ gündəmə gəlmişdi, lakin mexanizmin yaradılması sözdən o tərəfə keçmədi. Buna həm Bakı icazə vermədi, həm rusların marağına zidd idi, həm də Obamadan sonra Tramp bu mexanizmləri rəfə qaldırdı. Təkcə Ermənistan hələ də bu məsələ ətrafında var-gəl edir.


Vaşinqton görüşündən öncə ermənilərin “Vyana razılaşması” adı ilə təqdim etdikləri bu mexanizmin qurulmasını gündəmə gətirməsi, buna paralel olaraq, cəbhədə təxribatlara əl atması və Paşinyanın “müharibə bitməyib” bəyanatının hədəfi bu idi: Cəbhədə gərginlik yaradılır və sabitliyin bərpası üçün “atəşkəsə nəzarət mexanizmi”nin yaradılmasının vacibliyi gündəmə gətirilir. 

Və burada Ermənistanın münaqişənin həllinə yönəlik konkret danışıqlardan qaçmaq və prosesi enişə-yoxuşa salmaq məqsədilə ikinci cəhdi aydın görünür.


Birinci cəhd: Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakı. Ermənistanın bununla ən azından prosesi mahiyyətindən uzaqlaşdırmaq gedişi edir və status-kvonu uzatmaq üçün bəhanə əldə etməyə çalışırdı. Lakin bu ilin 29 may tarixində Vyanada keçirilən görüşdə Ermənistanın bəhanə oyunu pozuldu və danışıqlar əvvəlki mahiyyətinə qaytarıldı. (Oxu: Prezidentin müsahibəsinin şifrələri: Paşinyan Vyanadan məğlub ayrıldı).


İkinci cəhd: separat planı pozulan Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməklə “atəşkəsə nəzarət mexanizmi” məsələsinin masaya daşınmasına əsas yaratmağa çalışdı. Hədəf ən yaxşı halda bu mexanizmin qurulmasına nail olmaq və müharibə variantını sıradan çıxararaq, status-kvonu uzatmaq, ən pis halda danışıqlara mahiyyətdən uzaq elementlər daxil etməkdir.


Böyük ehtimalla görüşdə Mnatsakanyan bu məsələ üzərində dayanıb, hərçənd, nəticə işğalçı üçün yenə də müsbət olmadı.


Vaşinqtonda əldə olunan nəticə: müzakirələrin detalları bəlli olmasa da, görüşdən sonra verilən bəyanatlar müəyyən ehtimalları önə çıxardı.


1. Minsk qrupunun görüşlə bağlı bəyanatında “Vyana razılaşması” (2016-cı ilin görüşü – red.) haqqında heç bir ifadə yer almır. Həmsədrlər təmas xəttində qarşıdurmadan çəkinməyə və “tərəfləri təkidlə əsaslı danışıqlar üçün sülhə uyğun əlverişli mühitin bərpasından ötrü təcili tədbirlər görməyə” çağırıb. “Əsalı danışıqlar” konkret nəticələrə hesablanmış danışıqlar deməkdir və bu, Vyana görüşünün (2019-cu il 19 may) davamı hesab oluna bilər.


2. Azərbaycan XİN-in görüşlə bağlı bəyanatında deyilir: “3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib. Vaşinqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər”.

Yanvarın 15-də keçirilən Paris görüşündə nazirlər “xalqların sülhə hazırlanması” ilə bağlı razılığa gəlmişdi və bu, münaqişənin həlli üçün konkret addımların başlanğıcı hesab olunur.


3. “Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi, biz əhalini sülhə hazırlamalıyıq”, Məmmədyarov Vaşinqton görüşü ilə bağlı açıqlamasında bildirib. Bu, o deməkdir ki, Vaşinqtonda münaqişənin həlli ilə bağlı əldə olunan razılaşmaların yerinə yetirilməsi üzərində dayanılıb.


Nəticə məlumdur, Ermənistanın danışıqları mahiyyətindən uzaqlaşdıracaq ikinci cəhdi də baş tutmadı. “Bundan sonra nələr olacaq” sualının açıq cavabı Vaşinqtonda razılaşdırıldığı kimi görüşlərin davamıdır. Lakin işğalçı ölkənin prosesi pozmaq üçün cəbhədə təxribat cəhdlərinə davam edəcəyi ehtimalı da böyükdür. Hərçənd, istənilən cəhd Ermənistanın vəziyyətini daha da çətinləşdirəcək, çünki Bakı həm hərbi, həm də diplomatik cəbhədə güclü tərəf kimi çıxış edir.


Bir də Rusiyanın Vaşinqton görüşünə qarşı hansı gedişi edəcəyi də ayrıca diqqət çəkən məqamdır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND