Azərbaycan millisinin baş məşqçisi: “Bizim üçün çətin olacaq”

05.07.2019 12:35
147
Azərbaycan millisinin baş məşqçisi: “Bizim üçün çətin olacaq”


“Bu gün əsas iki məsələni düşünürəm. Biz komanda olaraq birgə çox məşq keçirməli, daha sonra yoxlama matçlarında gücümüzü yoxlamalıyıq”. 

APA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Covanni Kaprara deyib. 

Yığma avqustun 1-3-də Braziliyada keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlıqları davam etdirir. D qrupunda yer alan Azərbaycan Braziliya, Dominikan Respublikası və Kamerunla oyunlara kimi bir neçə sınaq matçı da keçirməyi planlaşdırır. 

Qrupu dəyərləndirən italiyalı mütəxəssis bildirib ki, mərhələni keçməyə çalışacaqlar: “Fikrimcə, Braziliya millisinin təqdimata ehtiyacı yoxdur. Kifayət qədər güclü oyunçulardan təşkil olunublar. Dominikan Respublikasının yığması da son illər çox artırıblar. Kamerun voleybolçularına gəlincə, onlar da pis təsir bağışlamırlar. Son dünya çempionatında da bunu göstərdilər. Bir sözlə, bizim üçün çətin olacaq. Buna baxmayaraq, qrup mərhələsini keçməyə çalışacağıq”.

Qeyd edək ki, qrup oyunları Braziliyada keçiriləcək. 


Ekspress.az