Azərbaycanda nazirlər necə “yetişdirilir”?

19.04.2019 09:26
388
Azərbaycanda nazirlər necə “yetişdirilir”?

İslahatların vacib bir istiqaməti dövlətin qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirə biləcək kadrların hazırlanmasıdır. Azərbaycanda son bir neçə ildə ciddi kadr dəyişikliklərinin olduğu məlumdur. Kadr təyinatlarında, əsasən də ötən ilin aprelindən indiyə qədər həyata keçirilən təyinatlarda əsasən gənc mütəxəssislərə üstünlük verilir.


Ekspress.az xəbər verir ki, “İnsan kapitalı” prinsipinin bütün dünyada geniş tətbiq olunduğu bir dövrdə bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyində güclü milli kadr ehtiyatlarının olmasının zəruriliyi və bu sahədə peşəkar insan ehtiyatının hər bir ölkənin sərvəti hesab edilməsi faktdır. Bu baxımdan düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir.


Uğurlu kadr siyasəti, həmçinin kadrların seçilməsinin effektiv və şəffaf mexanizmlərinin inkişafı bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini də tələb edir. Ölkəmizdə son bir ildə həyata keçirilən kadr siyasəti cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Layiqli mütəxəssislərin bilik və təcrübəsin nəinki dövlətin inzibati idarəetmə aparatı, o cümlədən cəmiyyət bəhrələnir və ölkənin rifahı və inkişafı üçün yaradılmış dövlət qurumlarının qarşısında qoyulmuş vəzifələrə uğurla nail olunmasında açar rolunu oynayır.


Düzgün kadr siyasəti dövlət idarəçiliyində səmərəliliyin artırılmasında da müstəsna rol oynayır. Belə ki, bu, istər qərarların qəbulu, istərsə də icra prosesində fəaliyyətin keyfiyyətini müəyyən edən amildir. Dövlət orqanları tərəfindən məqsədəuyğun şəkildə aparılan kadr siyasəti bütövlükdə ictimai həyatın şəffaflaşdırılmasında da böyük rol oynayır. 


Ötən ilin aprelində keçirilən prezident seçkisindən sonra bir sıra dövlət və hökumət strukturlarına rəhbər təyinatlarında “kadr bankı” kimi Milli Məclis, “ASAN Xidmət” kimi strukturların kadrlarından da istifadə edilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət strukturlarını dövrün tələbləri səviyyəsində idarə edə biləcək, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırladığı, həmçinin mövcud kadrların, məmurların ixtisasının artırılması ilə məşğul olduğu bildirilir.


Qonşu Rusiyada isə “kadr bankı” funksiyasını yerinə yetirən konkret Kadr Mərkəzi mövcuddur. Prezident Vladimir Putinin təyinatlarda orada yetişən peşəkar kadrlara stavka etdiyi, təyin olunan qubernatorların demək olar ki, məhz həmin mərkəzin yetişdirmələri olduğu bildirilir.


Bəs Azərbaycanda da Rusiyanın bu təcrübəsindən yararlanmaq mümkündürmü?


Deputat Fəzail Ağamalı deyir ki, hər bir ölkənin kadr hazırlamaq və seçmək məsələsinə də öz yanaşmaları var və yanaşmalar da müxtəlifdir. Konkret universal üsul yoxdur ki, bu bütün dünya miqyasında hər bir dövlət üçün vacib hesab edilsin. SSRİ zamanı tamam fərqli idi. Demokratik ölkələrdə isə hər bir ölkənin öz spesifik xüsusiyyətləri nəzərə alınmaqla kadr seçimi, kadr hazırlanması işi aparılır: “Mənə belə gəlir ki, Azərbaycanda yüksək səviyyəli kadrların yetişməsi, formalaşması üçün kifayət qədər münbit şərait, münbit zəmin və forma mövcuddur. Bildiyiniz kimi, Azərbaycanda dövlət qulluğuna qəbul xüsusi imtahanlardan keçir. Dövlət qulluğuna həmin imtahanlardan uğur qazanan şəxslər qəbul olunur. Həmin şəxslər dövlət qulluğunun ilk pilləsində öz karyerasını formalaşdırmağa başlayır. Həmin kadrlar istənilən dövlət qurumunda adi mütəxəssisdən, sıravi işçidən tutmuş, yüksək vəzifəyə qədər, nazir müavini, nazir postu tutmağa qədər yüksələ bilir. Yəni bu imkanlar onlara verilir. Kadr özünü göstərirsə, pillə-pillə idarəçiliyin bütün dəhlizlərindən keçmək imkanı əldə edir. Dövlət qulluğuna qəbul edilən kadr bunu edə bilmirsə, bu, artıq həmin insanın öz problemidir”.


F.Ağamalı qeyd edib ki, Azərbaycanda ciddi bir siyasi məktəb, ciddi kadrlar bazası kimi Milli Məclis var. Milli Məclisdə də həm siyasi cəhətdən, həm də idarəçilik cəhətdən dünya görüşü formalaşır. Kadr yetişməsi üçün başqa bir məktəb Heydər Əliyev Fondudur: “Burada da çox yüksək bacarıqlı, savadlı kadrlar, mütəxəssislər yetişir. Heydər Əliyev Fondunda çox savadlı kadrlar püxtələşir. Daha bir kadr bazası “ASAN Xidmət”dir. ”ASAN Xidmət"də könüllülükdən başlayaraq sonra müxtəlif pillələrdə özünü təsdiq etmək, təcrübəli kadr kimi yetişmək üçün çox yaxşı imkanlar var (Yeni Musavat).

 

Təsadüfi deyil ki, son illərdə bir sıra yüksək dövlət və hökumət vəzifələrinə bu qurumlardan kadrlar seçilərək təyin edilib. Yəni bacarıqlı, savadlı kadrların yetişməsi üçün Azərbaycanda bir yox, çoxsaylı baza funksiyasını yerinə yetirən mərkəzlər mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, kadr bazası məsələsində hakim Yeni Azərbaycan Partiyası da mühüm rol oynayır. Yeni Azərbaycan Partiyasının da kadr bazasından istifadə olunur. Bütün bunlardan istifadə etməklə ölkə prezidenti kadr siyasətini formalaşdırır. Vəzifələrə təyin olunan həmin kadrlar bu gün ölkə prezidentinin onların qarşısına qoyduğu vəzifələri uğurla yerinə yetirməkdədirlər. Ən azı bu gün onların haqqında ictimai rəy müsbətdir. Korrupsiyadan, rüşvətxorluqdan uzaq, dövlətə, xalqa sədaqətlə xidmət etmək kimi üstün cəhətləri özlərində ifadə edirlər".


Deputat vurğuladı ki, ölkə prezidentinin bu gün kadr siyasətində söykəndiyi üsul və formalar artıq özünü doğruldub. 


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND