Avropa: istilərdən sonra tufan və leysan

30.07.2019 09:33
165
Avropa: istilərdən sonra tufan və leysan

Boğanaq istilərdən sonra bir sıra Avropa ölkələrinə Atlantik hava axını gəlib. Azı 3 nəfər italiyalı pis hava şəraitinin qurbanı olub. Ölkənin şimal və mərkəzi hissələrində dolu və güclü küləklə müşayiət olunan leysan yağışları yağıb. Çoxlu yağıntılar səbəbindən bir sıra çaylar məcrasından çıxıb. Foçene yaşayış məntəqəsində tornado evlərə və digər tikililərə zərər vurub.


Ekspress.az bildirir ki, İspaniyanın muxtar regionu olan Kataloniyanın paytaxtı Barselonanın küçələri aşıb-daşan çaylara çevrilib. Meteoroloqların məlumatına görə, bu əraziyə yarım saat ərzində 42 millimetr yağıntı düşüb. Barselonanın əsas küçələrindən biri olan Diaqonal prospektində su dizədək qalxıb. "İberia" aviaşirkətinin yerüstü heyətinin tətil etdiyi El-Prat beynəlxalq aeroportunda da yağış səbəbindən onlarla reys təxirə salınıb. Fırtına qısamüddətli, lakin güclü olub.


Yağışlar Polşanın cənubunda da daşqınlara səbəb olub. Burada yolları, körpüləri, tunelləri, parkinq yerlərini və binaların zirzəmilərini su basıb. Katovitsada pis hava şəraiti nəqliyyat yollarında ciddi pozuntuya gətirib çıxarıb. Hakimiyyət orqanları bəzi voyevodalıqların sakinlərini sel, fırtına, daşqın təhlükəsi barədə məlumatlandırıb, elektrik enerjisinin verilişində mümkün olan fasilələr barədə xəbərdar ediblər.


Avstriyanın Kirxberq kommunasında (Tirol federal əyaləti) yağışlar sel axınının əmələ gəlməsinə səbəb olub. Yolların təmizlənməsinə ağır texnika cəlb olunub. (azərtac)


Ekspress.az